Bu gün Yel çərşənbəsidir
Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Bu çərşənbə ilə bağlı xalq arasında bir çox maraqlı adət var. Bu gün küləyin istiqamətinə baxaraq hava proqnozu verməyə çalışırlar. Əgər isti yel əsərsə, yazın tez gələcəyinə, soyuq yel əsərsə, havaların bir müddət də sərt keçəcəyinə inanılır.
İnanca görə, Yel çərşənbəsi həm də Novruz mərasimləri kontekstində təbiətin oyanış mərhələlərindən birini ifadə etdiyi üçün mühüm sayılır. Xalq təsəvvürünə görə, məhz bu mərhələdə əsən küləklər təbiəti oyadır, torpağın isinməsinə və yazın gəlişinə zəmin yaradır.
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür, Axır çərşənbə üçün hazırlıqlar görülür. Beləliklə, Yel çərşənbəsi həm qədim inancların, həm də xalqın gündəlik həyatında formalaşmış mərasimlərin və adətlərin yaşadıldığı mühüm günlərdən biri kimi Novruz ənənələrinin ayrılmaz hissəsini təşkil edir.
Yel çərşənbəniz mübarək!


