“Coursera” şirkəti Azərbaycan universitetləri ilə əməkdaşlıq edəcək
09.10.2024-cü il tarixində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) dəstəyi ilə ABŞ-nin “Coursera” şirkətinin “Coursera for Campus” proqramı ilə bağlı məlumat sessiyası keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin və yerli universitetlərin nümayəndələri iştirak ediblər. Tədbirdə Gəncə Dövlət Universitetini Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov təmsil edib
“Coursera for Campus” proqramının məqsədi təhsil müəssisələrinə təlim-tədris dəstəyi göstərmək, tələbələrin karyeralarına töhfə verməkdir. Bu təşəbbüs strateji problemlərin həllində universitetlər, kolleclər və müvafiq dövlət orqanları ilə əməkdaşlığı əhatə edir. Layihə təlim proqramlarının modernləşdirilməsi, tələbələrin məşğulluğunun və nailiyyətlərinin artırılması, rəqəmsal bacarıqların inkişafı, həyat boyu öyrənmə kimi sahələri əhatə edir.
“Coursera for Campus” proqramı çərçivəsində tələbələr dünyanın tanınmış universitetlərinin və şirkətlərinin kurslarını bitirərək sertifikat əldə etmək imkanı qazanacaqlar. Həmçinin, Azərbaycan universitetləri gələcəkdə öz tədris proqramları ilə “Coursera” platformasına qoşula bilərlər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti