Davos İqtisadi Forum Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir
Bir neçə gün öncə İsveçrənin Davos şəhərində keçirilən Davos İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayaraq qlobal iqtisadiyyata və siyasi proseslərə yeni istiqamətlər verir. Bu mənada Foruma dövlətimizin başçısı cənab İlham Əliyevin növbəti dəfə dəvət olunması Azərbaycan Prezidentinin yeni konfiqurasiya quruluşu dövründə də beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.
Cənab Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi siyasəti barədə bütün həqiqətləri bu forumda iştirak edən nüfuzlu şəxslərə çatdırdı. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumlarının və sazişlərinin ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacağını bəyan etdi. Üstəlik bütün bunlar yeni dünya düzənin tələbinə uyğun, dayanıqlı enerji təchizatına önəm verilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunması nəzərə alınaraq həyata keçirildiyi bəyan edilməklə Prezident İlham Əliyevin Azərbaycanı yeni çağırışlar dövründə alternativsiz tərəfdaşa çevirməkdə olduğu aydın görünür.
Önəmli məqamlardan biri də Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirakı idi. Həmin iclasda Orta Dəhlizin üstünlüklərindən danışan dövlətimizin başçısı bu nəhəng layihənin iştirakçıları olan ölkələr arasında əlverişli münasibətlərin mövcudluğunu və uğur qazanmaq üçün buna vacib şərt kimi yanaşıldığını vurğuladı.
Cənab Prezident İlham Əliyev Orta Dəhliz və Şimal-Cənub marşrutu üzərində yerləşən Azərbaycanda əlavə biznes imkanları yaradıldığını və tezliklə Bakıda dəniz limanının yaxınlığında azad zonanın açılacağını, bunun isə şirkətlərin investisiya yatırması üçün əlverişli məkan olacağına əminliyini qeyd etdi. Ölkəmizin başçısı forumda Azərbaycanda bütün zəruri infrastruktur obyektlərin daha çox yük qəbul etməyə hazır olduğunu və yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanının 25 milyon tona qədər genişlənməsi üçün vəsaitin ayrıldığını bildirdi. Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir.
Ermənistanın forumda təmsil olunmamasına aydınlıq gətirən Prezident qeyd etdi ki, adıçəkilən ölkə Azərbaycanın sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə söykənən sülh sazişi imzalamaqla bağlı təklifinə cavab verməyib . Dövlətimizin başçısı, həmçinin bildirib ki, Ermənistanın foruma gəlməməsinin səbəbi odur ki, üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif işğalçı tərəfindən rədd edilib.
Xatırladaq ki, forumda söylənildiyi kimi, respublikamızın təklifi liderlərin görüşünün Gürcüstanda təşkil olunmasından və üç Qafqaz ölkəsinin enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərinin birləşdirilməsindən ibarətdir ki, bu da bütövlükdə regionun təhlükəsizliyini şərtləndirir.
Prezidentin Davos səfəri ölkəmizin iqtisadi və siyasi qüdrətinin növbəti göstəricisi oldu. Bu səfər həm də dövlətimizin qüdrəti ilə yanaşı, ölkə rəhbərinin şəxsi nüfuzunun və ona olan beynəlxalq marağın bütün dünyaya, dosta və düşmənə sübutunun nümayişinə çevrildi.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti