“Dünyanı cənginə alan narkomaniyaya YOX deyək”adlı tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər, eləcə də Pedaqoji fakültəsində “Dünyanı cənginə alan narkomaniyaya YOX deyək” adlı tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq narkotiklərin insan orqanizminə, sağlamlığa vurduğu zərərlərdən, ümumilikdə cəmiyyətdə törətdiyi sosial bəlalardan, gənclərin zərərli vərdişlərdən qorunması, vətənpərvər ruhda böyüməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş yeni 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından söhbət açıb. Narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığını, hazırda ciddi qlobal problemə çevrildiyini, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdiklərini diqqətə çatdırıb.
Daha sonra Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova “ Narkomaniya sosial – psixoloji problemdir”, Fizika kafedrasının dosenti Rasim Hüseynov “Narkomaniya XXI əsrin bəlasıdır”, Təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Əsmər Şərifova “Dünyanı cənginə alan narkomaniyaya yox deyək”, Fizika və texniki fənlər fakültəsinin 3-cü kurs tələbəsi Zemfira Quliyeva “Ağ ölümdən uzaq duraq”, Pedaqoji fakültənin 3-cü kurs tələbəsi Almaz Qasımov “Sağlam cəmiyyət sağlam gələcək deməkdir” mövzularında çıxış ediblər.
Tədbirdə narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və onun yayılmasının qarşısının alınmasından danışılıb. Gənc nəslin sağlamlığının qorunması istiqamətində fikirlər sürülüb.
Tədbirin davamında narkotik vasitələrin yaratdığı fəsadlardan bəhs edən video-çarx nümayiş etdirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti