“Engage” layihəsi çərçivəsində “Startaplarda Estoniya Təcrübəsi” adlı təlim təşkil olunub

Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi, Mingəçevir Dövlət Universitetinin isə koordinatorluğunu həyata keçirdiyi “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində növbəti təlim proqramı təşkil edilib.

Təlimdə universitetin akademik və inzibati heyəti, həmçinin tələbələr iştirak edib. Tədbirin başlanğıcında iştirakçılara ENGAGE layihəsinin məqsədləri, əsas fəaliyyət istiqamətləri və layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə ətraflı təqdimat edilib. Layihənin ali təhsil müəssisələrində sahibkarlıq düşüncəsinin formalaşdırılması və startap mədəniyyətinin inkişaf etdirilməsində oynadığı rol xüsusi vurğulanıb.

Təlimin növbəti hissəsində startap anlayışı, startapların yaranma və inkişaf mərhələləri, innovativ biznes ideyalarının kommersiyalaşdırılması mexanizmləri ətraflı şəkildə izah olunub. İştirakçılara startap ekosisteminin qurulmasında vacib amillər, gənc sahibkarların qarşılaşdıqları çətinliklər və uğur faktorları barədə məlumat verilib.

Eyni zamanda startap sahəsində Estoniyanın qabaqcıl təcrübəsi təqdim olunub. Bu ölkədə rəqəmsal həllərin tətbiqi, startapların dövlət və özəl sektor tərəfindən dəstəklənməsi, eləcə də universitetlərin innovasiya ekosistemində fəal rolu ilə bağlı nümunələr iştirakçıların diqqətinə çatdırılıb. Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.