FƏXRİ DOKTOR DİPLOMU TƏQDİM EDİLDİ

11 dekabr 2016-cı il tarixdə Qədim Gəncə şəhərinin Heydər Əliyev Mərkəzinin  əzəmətli  binasında “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransa başlamazdan əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, nümayəndə heyəti və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuş,  Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Nizami yurdu – qədim Gəncə” adlı təsviri sənət əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransı giriş sözü ilə açıq elan etdikdən sonra Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike Freyberqa, Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldin,  Kəşmir Universitetinin İslam Tədbiqatları mərkəzinin rəhbəri Əhməd Nasem Şah, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, Əməkdar elm xadimi, professor Xəlil Yusifli,   Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev Şərq xalqlarının ədəbiyyatına son dərəcə yüksək humanist ideyalar və yeni sənətkarlıq nailiyyətləri gətirərək yeni istiqamət açan dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından, onun əsərlərinin  bəşəriyyətin yetişdirdiyi böyük dühaların yaratdığı ölməz abidələr arasında özünə ən layiqli yeri tutmasından bəhs etdilər. Onu da bildirdilər ki, Nizami Gəncəvi müstəsna şəxsiyyət olaraq xalqının soy kökünə xas olan istedad, ağıl, vicdan, şərəf, bəsirət və uzaqgörənlik kimi xüsusiyyətləri özündə birləşdirmişdir. Buna görə də onun əsərləri də, özü də əbədiyyətə qovuşmuşdur.

Çıxışlardan sonra  Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri doktor İsmayıl Seragəldinə Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin, tolerantlıq və multikulturalizm, xalqlar arasında qarşılıqlı anlaşma və sülh ideyalarının təbliğində əvəzsiz xidmətlərinə görə   Universitetin  Elmi Şurasının qərarı ilə verilən “Fəxri Doktor“ diplomunu  və mantiyanı iştirakçıların alqışları altında təqdim etmişdir.