FORUM ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ
16 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Əlilliyi olan tələbələr üçün mərkəzin və Gənclər üçün təhsil mərkəzinin Gəncə ofisinin birgə təşəbbüsü ilə 02 dekabr 2016-cı il tarixdə keçirilmiş “İnklüziv təhsilin müasir strukturu və onun əsas inkişaf yollarına dair” adlı Əlil tələbələrin I forumu çərçivəsində “Tariximizi öyrənək və qoruyaq” mövzusunda maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.
Tədbirdə Gəncə Dövlət Universiteti rektorunun baş müşaviri dosent Asif Cavadov, Əlilliyi olan tələbələr üçün mərkəzin direktoru Farizə Ismayılzadə, Gənclər üçün təhsil mərkəzi Gəncə ofisinin rəhbəri Aygün Həsənzadə, Azərbaycan Respublikası Əlil təşkilatları İttifaqının Gəncə nümayəndəsi Elmira İsmayılova, Əlilliyi olan tələbələr üçün mərkəzin nəzdində yaradılmış könüllü tələbələrdən ibarət “Dəstək qrupu”nun üzvləri və əlil tələbələr iştirak etmişlər.
Rektorun baş müşaviri Asif Cavadov giriş sözündə Azərbaycanın bəşər sivilizasiyasının qədim məskənlərindən biri kimi zəngin mədəniyyətə malik bir ölkə olmasından və onun ərazisində dünyanın mədəniyyət xəzinəsini zənginləşdirən tarixi abidələrin, xüsusi olaraq ən qədim insan məskəni sayılan Azıx mağarasının mövcudluğunu bildirdi. Ərazisinin 20%-dən çoxunun işğal altında olmasını qeyd edən Asif müəllim tələbələrə Doğma torpaqlarımızın tarixini dərindən öyrənməyi və onu qorumağı tövsiyyə etdi.
Əlilliyi olan tələbələr üçün mərkəzin direktoru Farizə Ismayılzadə “Tariximiz mənəviyyatımızdır” mövzusunda çıxışına “Biz hamımız-harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik” deyən Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə başladı. Gəncə şəhərinin tarixindən ətraflı bəhs edərək, Gəncənin keçmişi və bu günü haqqında hazırladığı video-çarxı tədbir iştirakçılarına təqdim etdi. Farizə İsmayılzadə mərkəz tərəfindən tarixi mövzuda tədbirlərin gələcəkdə də keçiriləcəyini xüsusi olaraq nəzərə çatdırdı.
Gənclər üçün təhsil mərkəzi Gəncə ofisinin rəhbəri Aygün Həsənzadə çıxışında dövlətimiz tərəfindən abidələrimizə göstərilən xüsusi diqqət və qayğıdan, onların təmir olunmasından ətraflı bəhs etdi. Onları öyrənib, eyni zamanda gələcək nəsillərə çatdırılmasının vacibliyini bir daha bildirdi.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Gəncə nümayəndəsi Elmira İsmayılova tarixi mövzuda tədbirlərin keçirilməsinin bu gün üçün vacibliyindən bəhs edərək, tədbirin təşkilatçılarına əlil tələbələrə göstərdikləri xüsusi qayğı və diqqətə görə dərin minnətdarlığını bildirdi.
Tədbir iştirakçıları rəsmi hissədən sonra Nizami Gəncəvi məqbərəsində, N.Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq muzeyində və Cavad xan türbəsində ekskursiyada oldular.