GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN MƏZUNU OLMUŞ XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏ

Gəncə Dövlət Universitetinin məzunu olmuş, müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olmuşdur.

Bir yaşında atasını, 23 yaşında isə anasını itirən gənc Nəriman Həsənzadə ibtidai və orta təhsilini öz rayonunda almış, 1949-1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında xidmətdə olmuşdur.

1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirərək ikinci ali təhsil almış, Moskvada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxumuşdur.

1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuş, “Azərbaycan – Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək (1965) elmlər namizədi alimlik dərəcəsi almışdır.

1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990-cı illər) vəzifələrində işləmişdir. SSRİ Yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və informasiya nazirini əvəz etmişdir. 1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqının,  sonralar isə İdarə Heyətinin üzvü seçilmişdir. 1991-1995-ci illərdə Azərbaycanın Xalq deputatı olmuşdur.

2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə akademiki seçilmişdir. Əməkdar İncəsənət xadimidir. “Şərəf nişanı” ordeni,  Azərbaycanın və Belarusun Fəxri Fərmanları ilə təltif olunmuşdur.

Müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2001) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.

Mətbuatda 1953-cü ildən çıxış edir. Əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə edilmişdir.

Nəriman Həsənzadə bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq Budapeşt konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nəriman  Həsənzadəyə 2005-ci ildə Xalq şairi fəxri adı verilmişdir.

 Azərbaycanın  xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı(2017),  “İlin şairi” mükafatı laureatı (2010), “Şöhrət” , “Şərəf” və “İstiqlal” ordenli Nəriman Həsənzadə 18 fevral 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.

Xalq şairi Nəriman Həsənzadəni universitetin rektoru professor Yusif Yusibov və professor-müəllim heyəti adından təbrik edir, can sağlığı və yaradıcılıq həyatında uğurlar arzulayırıq.