Gəncə Dövlət Universitetində Aleksandr Düma Mərkəzi açılacaq
Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Fransız İnstitunun direktoru Moris Rufin Gəncə Dövlət Universitetinin qonağı olub.
Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, fransalı həmkarı ilə görüşən Gəncə Dövlət Universitetinin (GDU) rektoru, professor Yusif Yusibov rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Fransız İnstitutu arasındakı gələcək qarşılıqlı əməkdaşlığın imkanlarını müzakirə edib.
Moris Rufin bildirib ki, Azərbaycan Fransız İnstitutu dünyada Fransız institutları şəbəkəsinə qoşulmuş mədəniyyət mərkəzidir. Bakıda yaşayan frankofonların görüş yeri, fransız mədəniyyəti və dilinə maraq göstərən hər kəsi birləşdirən məkandır. Müxtəlif mədəni tədbirlərin keçirildiyi kitabxana bu institutun əsas məkanıdır. Müasir şəkildə təchiz olunmuş dərs otaqları bu ansamblı tamamlayır. Bununla yanaşı, Azərbaycan Fransız İnstitutu Bakıda, eləcə də respublikamızın müxtəlif şəhərlərində mədəni və bədii tədbirlər təşkil edir.
Yusif Yusibov qonağa Gəncə Dövlət Universitetinin keçdiyi şərəfli inkişaf yolu, müasir vəziyyəti, eləcə də beynəlxalq əlaqələri və reallaşdırılan bir sıra layihələr haqqında məlumat verib.
Bildirilib ki, GDU respublikamızın qərb bölgəsində yüksəkixtisaslı pedaqoji kadrların hazırlığı ilə məşğul olan ən böyük ali təhsil müəssisəsidir. Universitetdə xarici dillər fakültəsi və fransız dili kafedrası da fəaliyyət göstərir. Hazırda ali təhsil müəssisəsinin əməkdaşlıq etdiyi ali məktəblər içərisində Fransanın qabaqcıl universitetləri də var. Hər il universitetdə Azərbaycan-Fransa əlaqələrinə həsr olunmuş müxtəlif tədbirlər, xüsusən Frankofoniya bayramları təşkil olunur. Ötən il universitetin iki əməkdaşı təhsildə Fransa və Azərbaycan dövlətləri arasında dostluq münasibətlərinə verdikləri töhfələrə görə Fransanın Baş naziri və təhsil nazirinin imzası ilə təsdiqlənmiş “Akademik Palma” ordeni ilə təltif edilib.
Sonra Gəncə Dövlət Universiteti ilə Fransız İnstitutu arasında gələcək ikitərəfli əlaqələrin inkişafını nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqaviləyə əsasən Fransız İnstitutunun Bakıdakı mədəniyyət mərkəzi Gəncə Dövlət Universitetində Fransa ilə elm-təhsil və mədəniyyət əlaqələrinin inkişafınızı nəzərdə tutan Aleksandr Düma Mərkəzinin açılmasına dəstək verəcək.