Gəncə Dövlət Universitetində Frankafoniya bayramının coşqusu yaşanıb
Gəncə Dövlət Universitetinin tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını fransız dilində təqdim ediblər.
Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi və Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Biz gənc beynəlmiləlçilərik” adlı Frankofoniya bayramı keçirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında keçirilən bayram tədbirində universitetin rektoru, professor Yusif Yusibov, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbə kollektivi,valideynlər və ictimaiyyət nümayəndələri, eləcə də Fransa səfirliyinin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Fransanın dövlət himni səsləndirilib.
Sonra Frankafoniya bayramının tarixi və əhəmiyyəti haqqında iştirakçılara məlumat verilib.
Bildirilib ki, Frankofoniya sözü ilk dəfə 1880-ci illərdə fransız coğrafiyaşünası Onezim Reklü tərəfindən fransız dilində danışan bütün insanları və ölkələri təyin etmək üçün işlədilib. Məhz həmin vaxtdan başlayaraq frankofoniya sözü bütün dünyada fransız dilini ana dili və yaxud ikinci dil olaraq istifadə edən insanların birliyini nümayiş etdirən bayram kimi qeyd edilib. Lakin bu məfhum ötən əsrin 60-cı illərinə doğru tədricən unudulmağa başlayıb. Buna baxamayaraq sonradan bir çox dövlət və mədəniyyət xadimləri bu bayramı keçirmək üçün təşəbbüs göstəriblər. Məhz 1962-ci ildə ədəbiyyat xadimi Seneqal Prezidenti Leopold Sedar Senqhor bu bayramın keçirilməsinin zəruriliyini bu cür qeyd edib: “Frankofoniya yer kürəsini əhatələyən tam bir humanizm, bütün qitələrin, bütün irqlərin yatmış enerjisini birləşdirən bir məfhumdur ki, onların istisinə oyanır”.
1970-ci ildə texniki və Mədəni Əməkdaşlıq üzrə Agentlik (hazırki Beynəlxalq Frankofoniya Təşkilatı) yaradılıb. Hazırda Beynəlxalq Frankofoniya təşkilatına 80 dövlət və hökumət daxildir. Onlardan 57-i üzv, 23-ü isə müşahidəçi statusu daşıyır. Bu gün Beynəlxalq Frankofoniya Təşkilatına üzv olan dövlətləri siyasi, iqtisadi və mədəni əlaqələr birləşdirir. Eyni zamanda Fransa Respublikası həmin dövlətlərə daim dəstək olur və köməklik göstərir.
Dünya ölkələrində isə 900 milyondan çox insan Frankofoniya dəyərlərini bölüşür. Fransız dili Observatoriyası 2014-cü ildə nəşr etdiyi hesabatında 5 qitə üzrə fransız dilində danışan insanların sayının 274 milyon nəfər olduğunu qeydə alıb.
Azərbaycanda bilvasitə fransız dilində danışan insanların yüz minə çatdığını deyən ….Matye bunu hər iki dövlət arasındakı çoxtərəfli münasibətlərin gələcək inkişafı üçün təqdirəlayiq hal kimi qiymətləndirib.
Bayram tədbirində çıxış edən və xoş gün münasibətilə bütün kollektivi təbrik edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Azərbaycan ilə Fransa arasındakı tarixi əlaqələrdən və hazırda hər iki dövlət arasındakı çoxtərəfli münasibətlərin mövcud vəziyyətindən danışıb.
Bildirilib ki, hələ orta əsrlərdən başlayaraq Lonjümo, Jan Şardən, Aleksandr Düma kimi səyyah və diplomatik missiya üzvlərinin qeydlərində Azərbaycan haqqında zəngin məlumatlar öz əksini tapıb. Son orta əsrlərdən başlayaraq Azərbaycandakı əsilzadə ailələrinin övladlarına bir sıra elmlərlə yanaşı fransız dili də tədris edilməyə başlayıb. Beləliklə, fransız dilində sərbəst danışmaq həmin əsilzadə ailələrin övladları üçün yüksək mədəniyyətin göstəricisi kimi qəbul edilib. Həmçinin Azərbaycan bədii nəsrinin ilk nümunəsi olan Rəşid bəy və Saadət xanım hekayəsini İsmayıl bəy Qutqaşınlı fransız dilində yazıb.
Bir sözlə hər iki xalq məsafə etibarilə bir-birindən uzaq olsa da tarixən onları bir çox ortaq dəyərlər – qədim və zəngin mədəniyyətə varislik, incəsənətə bağlılıq birləşdirib.
Hər iki xalq arasındakı ikitərəfli münasibətlərin bu günkü vəziyyətindən də danışan Yusif Yusibov bildirib ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir (31 dekabr 1991-ci il). Həmçinin 1992-ci ildə fransa öz səfirliyini ölkəmizdə açan ilk dövlətlərdəndir. Fransa, məqsədi Ermənistan ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini axtarmaq olan ATƏT-in Minsk qrupuna həmsədrlik edir. Bu dövlət eyni zamanda Avropa qonşuluğu siyasəti çərçivəsində, Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlıqda da fəal rol oynayır.
İkitərəfli əlaqələrin çoxsaylı səfərlərlə zəngin olduğunu deyən Yusif Yusibov diqqətə çatdırıb ki, İlham Əliyev Prezident kimi ilk ikitərəfli səfərini 2004-cü ilin yanvarında məhz Parisə edib. Azərbaycan Prezidentinin Fransaya dövlət səfəri isə 2007-ci ilin yanvar ayında baş tutub. 2003-2007-ci illər ərzində Prezident İlham Əliyev fransaya 7 dəfə səfər edib. Həmçinin 2011-ci il oktyabrın 7-də Prezident Sarkozi Bakıya gəlib və Prezident İlham Əliyevlə birlikdə Bakı Fransız Liseyinin ilk təməl daşını qoyub. Hazırda Azərbaycanla-Fransa arasında siyasi,iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu deyən rektor Yusif Yusibov hər iki dövlət arasındakı elm-təhsil əlaqələrinin, xüsusən Gəncə Dövlət Universiteti ilə Fransa universitetləri arasında qurulan münasibətlərin ildən –ilə inkişaf etdiyini vurğulayıb.
Bu gün universitetin Xarici dillər fakültəsinin Fransız dili ixtisasında 100-dən artıq tələbənin təhsil aldığını deyən rektor bildirib ki, hazırda Gəncə Dövlət Universiteti ilə Fransanın 3 ali təshil müsəssiəsi – Strasburq – 2 Universiteti, Şampan Alven Universiteti və Yuxarı Alzas Universitetləri daha sıx əməkdaşlıq edir. Məhz bu cür qarşılıqlı əlaqələrin nəticəsində GDU ilə həmin universitetlər arasında akademik heyət üzvləri və tələbələr arası mübadilə həyata keçirilir. Bir çox beynəlxalq proqramlar icra olunur, konfranslarda iştirak və səfərlər təmin edilir.
Bu cür əməkdaşlığın daha bir nümaunəsi isə hər il Gəncə Dövlət Universitetində təşkil olunan Frankofoniya bayramlardır. Məhz bu bayram şənliyi çərçivəsində çoxlu sayda fransız milli musiqiləri və rəqslər ifa olunur, səhnəciklər nümayiş etdirilir.
Rektor qeyd edib ki, bu cür münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə yaxın günlərdə universitetdə Aleksandr Düma Mərkəzi fəaliyyətə başlayacaq. Mərkəzin fəaliyyətə başlaması ilə fransız xalqının tarixi, ədəbiyyatı və mədəniyyəti daha da yaxından öyrəniləcək. Həmçinin mərkəzdə təşkil edilən kurslarda nəinki universitetin tələbələri, eləcə də ətraf rayonlardakı gənclər həmin mərkəzin fəaliyyətindən bəhrələnə biləcəklər
Sonra Gəncə Dövlət Universiteti tələbələrinin ifasında fransız milli musiqləri, rəqslər ifa olunub.
Sonda dahi bəstəkar Üzeyir Hacıbəliyinin “Arşın mal alan” operettası tələbələr tərəfindən fransız dilində təqdim edilib və alqışlarla qarşılanıb.