Gəncə Dövlət Universitetində “Lazer fizikasının son nailiyyətləri” mövzusunda ustad dərsi keçirilib

           7 dekabr tarixdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Vaqif Salmanov Gəncə Dövlət Universitetində ustad dərsi keçib.

          “Lazer fizikasının son nailiyyətləri” mövzusuna həsr edilən ustad dərsində universitetin Fizika və texniki fənlər fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

         Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev çıxış edərək professorun elmi nailiyyətlərindən, həmçinin ustad dərsinin əhəmiyyətindən danışıb.

       Daha sonra professor Vaqif Salmanovun “Lazer fizikasının son nailiyyətləri” mövzusunda çıxışı dinlənilib.

      Mühazirədə lazer şüalarının fiziki əsası və işləmə prinsipi, lazerlərin növləri, tətbiq sahələri, lazer fizikasının hazırkı vəziyyəti, lazer impulsları ilə atomdakı elektronların dinamikasının öyrənilməsi, lazer fizikasının son nailiyyətləri və qeyri-xətti optik hadisələr sahəsində aparılan nəzəri və praktik tədqiqatlar, xüsusilə laylı yarımkeçirici kristallarda eksiton effekti, optik parametrlərin (udma və sındırma əmsallarının) lazer şüaları ilə dəyişməsi haqqında məlumat verilib.

        Sonda mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları ətraflı cavablandırılıb.

      Qeyd edək ki,  8 dekabr tarixdə Gəncə Dövlət Universitetində professor Vaqif Salmanov tərəfindən “Lazer şüalarının təsiri ilə layvarı A3B6 yarımkeçirici birləşmələrdə qeyri-xətti optik və qeyri-tarazlıqlı elektron proseslər” mövzusunda növbəti  ustad dərsi keçiriləcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti