Gəncə Dövlət Universitetində Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilmişdir

Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olaraq tarixin yaddaşına həkk olunub. Bu soyqırımı nəticəsində yüzlərlə dinc insanın erməni terrorçuları tərəfindən xüsusi zorakılıqla qətlə yetirilməsi və bunların içərisində körpə uşaqların da olması baş vermiş hadisənin hər bir anlamda insanlığa yönəlmiş cinayət olduğundan xəbər verir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi. Səkkiz ailə tamamilə məhv edilib. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır.

Bütün bu faciələr barədə Gəncə Dövlət Universitetinin 2-ci tədris korpusunda keçirilən anım tədbirində daha ətraflı söhbət açılmışdır.

Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra, Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək 30 il qabaq ermənilərin Xocalıda törətdikləri faciələri tədbir iştirakçılarının diqqətinə çatdırmış və qeyd etmişdir ki, törədilən bu vəhşiliyə hüquqi qiymət yalnız Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra verilmişdir.

Sonra tədbirdə iştirak edən, əslən Xocalıdan olan və o müdhiş gecəni gözləri ilə görmüş yazıçı-publisist Səmayə Mirzəyeva çıxış edərək, faciə zamanı yaşadıqlarını dilə gətirmişdir.

Universitetin tələbələri xocalıya həsr etdikləri şerlərini oxumuş, ədəbi-bədii kompozisiya nümayış etdirmişlər.     Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti