Gəncə Dövlət Universitetinin əməkdaşları Valensiyada səfərdədirlər
Gəncə Dövlət Universiteti (GDU) tərəfdaşı olduğu “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities – PETRA) layihəsi çərçivəsində nəzərdə tutulmuş görüşlərini davam etdirir.
“Erasmus+” proqramı üzrə İspaniyanın Valensiya Politexnik Universitetinin əlaqələndiriciliyi ilə reallaşdırılan bu layihə çərçivəsində iyunun 18-dən İspaniya Krallığının Valensiya şəhərindəki Valensiya Politexnik Universitetində keçirilən növbəti görüş iyunun 22-dək davam edəcək.
Valensiyadakı səfərdə GDU-nu universitetin innovasiyalar departamentinin rəhbəri Vasif Həsənov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və innovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev təmsil edirlər. Görüşün keçirilməsinin əsas məqsədi tədris və təlim prosesinin pedaqoji və texnoloji ehtiyaclarını ödəmək üçün insan kapitalının inkişaf etdirilməsi, innovativ texnologiyanın, tədqiqatın, fəal öyrənmənin yerli ali məktəblərdə tətbiqidir.
Universitet əməkdaşları təlimlə yanaşı, Valensiya Politexnik Universitetində keçiriləcək nüfuzlu beynəlxalq konfransda da iştirak edəcəklər. Qeyd edək ki, bu konfransda dərc olunan məqalələr “Web of Science”, “Scopus”, “Elsevier” kimi beynəlxalq impakt faktorlu məlumat bazalarına daxil edilir.