Gəncə Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsində Vətən müharibəsi veteranları və qaziləri ilə görüş keçirilib
8 Noyabr –Zəfər Günü münasibəti ilə Gəncə Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsində Vətən müharibəsi veteranları və qaziləri ilə görüş keçirilib.
Tədbirdən öncə universitetin şəhidlərinə həsr edilmiş xatirə guşəsi önünə gül dəstələri düzülüb.
Görüşdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Gəncə Dövlət Universiteti Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək universitet rəhbərliyi və öz adından Zəfər Günü münasibəti ilə görüş iştirakçılarını təbrik edib, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, igid oğullarımızın qəhrəmanlığından danışıb. GDU AHİK-nin sədri Afaq Qasımova bildirib ki, 44 günlük haqq savaşının nəticəsi olaraq Azərbaycan xalqı məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın güclü, peşəkar ordusu kimi tarix yazdı. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi, ədalət yerini tapdı.
Tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Botanika kafedrasının müdiri professor Vaqif Novruzov, Ekologiya və təbiəti mühafizəsi kafedrasının müdiri professor Sevda Əhmədova çıxış ediblər, şəhidlərimizlə və qazilərimizlə fəxr etdiklərini dilə gətiriblər.
Qarabağ müharibəsinin qaziləri- Zəfər Abbasov, Fikrət Hüseynov, Hüseyn Bəxtiyarlı, Ülfət Nəbiyev və Amin Mustafayev döyüşlərlə bağlı xatirələrini bölüşüblər.
Sonda Universitetin Həmkarlar İttifaqı Komitəsinin xətti ilə bayram münasibətilə qazilərə pul mükafatı təqdim edilib.
Qazilər görüşün təşkilinə, həmçinin onlara göstərilən diqqət, qayğıya görə universitetin rektoru Yusif Yusibov və Afaq Qasımovaya minnətdarlıqlarını bildiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti