Gəncə Dövlət Universiteti ali təhsil müəssisələrinin sərgisində

            31 iyul – 2 avqust 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin sərgisi keçirilib. Sərgidə Gəncə Dövlət Universiteti də iştirak edib.

     Burada ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsinin stendləri yer alıb.

     Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərmək olub.

     Sərgi ilə tanış olan Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Gəncə Dövlət Universitetinin fəaliyyətini yüksək qiymətləndirib və ali təhsil ocağının gələcək fəaliyyətində uğurlar arzulayıb.

      3 gün ərzində Gəncə Dövlət Universitetinin  Tədrisin təşkili və idarə edilməsi sektorunun müdiri Sevinc Quliyeva və sektor əməkdaşı Pərvanə Əliyevanın iştirakı ilə universitet barəsində infosessiyalar  təşkil olunub, abituriyentlərə ixtisas seçiminə dair tövsiyələr verilib.

    Abituriyentlər və valideynlər GDU nümayəndələri ilə ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara dair məlumatlar əldə ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti