GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ƏDƏBİYYATŞÜNAS ƏHMƏD CƏFƏROĞLUNUN 120 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində (GDU) İstanbul Universitetinin Ədəbiyyat fakültəsi, Qədim Türk Dilləri kafedrası və Türk Ocağı İstanbul şöbəsi ilə birgə  ədəbiyyatşünas, türkoloq Əhməd Cəfəroğlunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans  keçirilmişdir.

Konfransdan əvvəl Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürkü, İstanbul “Türk ocağı” başqanı Cezmi Bayramı, Azərbaycan “Türk ocağı” başqanı Akif Vəliyevi, Əhməd Cəfəroğlunun qızı Nazan Ölçəri, professor Nuri Yücüni, Mədəniyyət müşaviri İrfan Çifçini Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov səmimi qarşılamış və keçirilən tədbir münasibətilə təbriklərini çatdırmışdır.

Səmimi və mehribanlıqla keçən görüşdən sonra Gəncə Dövlət  Universitetinin Nizami Gəncəvi adına iclas zalında konfrans Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Daha sonra tədbir iştirakçılarına Əhməd Cəfəroğlunun  həyat və yaradıcılığına həsr edilmiş kitab paylanmış və məruzəçilərin məruzələri dinlənilmişdir.

Məruzələrdə bildirilmişdir ki, tanınmış türkoloq, professor Əhməd Cəfəroğlu XX əsr Azərbaycan ictimai, elmi və bədii fikir tarixində özünəməxsus iz qoymuşdur. Həyatının əsas hissəsini doğma yurdundan kənarda keçirsə də, bir an belə Azərbaycanın siyasi və mədəni həyatına biganə qalmamış, xalqının dilinə, ədəbiyyatına, tarix və etnoqrafiyasına dair çoxsaylı elmi əsərlər həsr etmişdir.

1899-cu ildə Gəncədə doğulan, 18 yaşında Qafqaz İslam Ordusu tərkibində topçu zabiti kimi döyüşən və 1920-ci ilin aprel işğalından sonra Azərbaycanı tərk edən Əhməd Cəfəroğlu dünya türkologiya məktəbinin ən titullu bilim insanı hesab olunur.  Əhməd Cəfəroğlu Almaniyada filologiya doktoru elmi adını alıb. 1929-cu ildə  İstanbula dönən bu böyük alim dünyanın bir çox akademiyalarının fəxri üzvü seçilib, Türkiyədə ilk dəfə iki cilddə “Türk dili tarixi” əsərini yazıb. 

Məruzəçilər qeyd etmişlər ki, Əhməd Cəfəroğlu M.K.Atatürkün dil islahatlarında fəal iştirak edib, Türk Dil Qurumunun əsas yaradıcıları sırasına qatılıb. Əhməd Cəfəroğlu M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından biri olub, Azərbaycan mühacirət mətbuatının formalaşmasında yaxından iştirak edib. Müxtəlif vaxtlarda “Azərbaycan Yurd bilgisi”,  “Türk amacı” dərgilərini buraxıb, mühacirət dərgilərində onlarla məqalə yazıb. 

Türkologiya sahəsinə möhkəm tellərlə bağlanan alim ömrünü bu istiqamətin öyrənilməsinə həsr etmişdir. Obyektiv səbəblərdən Ə.Cəfəroğlunun çoxşaxəli fəaliyyəti ana vətənində məlum olmasa da, ömrünün sonuna qədər yaşayıb-yaratdığı Türkiyədə, eləcə də Avropa və Amerikanın bəzi elmi dairələrində onun araşdırmaları yüksək qiymətləndirilmişdir.

Yüksək tədqiqatçılıq keyfiyyətlərinə malik olan Ə.Cəfəroğlunun yaradıcılığı humanitar biliyin olduqca müxtəlif sahələrini əhatə edir. Yarıməsrlik elmi-pedaqoji fəaliyyəti nəticəsində dünya türkologiyasının aparıcı simalarından birinə çevrilmiş böyük həmyerlimizin yaradıcılığında Azərbaycanla bağlı araşdırmalar mühüm yer tutur. Onu elmi azərbaycanşünaslığın banilərindən hesab edirlər. O, türk dünyasının mühüm və ayrılmaz bir hissəsi saydığı vətəninin tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, dilinə, şifahi və yazılı ədəbiyyatına dair onlarla əsərin müəllifidir. Bu əsərlər Azərbaycanın tanıdılması, onun mədəniyyətinin təbliği sahəsində böyük rol oynamışdır. Onlar istər ehtiva etdiyi material, istər irəli sürdüyü ideyalar, istərsə də tədqiqat metodikası baxımından bu gün də elmi dəyərini qoruyub saxlamaqdadır. Alimin Azərbaycanla bağlı araşdırmaları içərisində onun ədəbiyyatşünaslıq irsi mühüm yer tutur. Fitri filoloji istedada malik olan Ə.Cəfəroğlu istər yazılı, istərsə də şifahi ədəbiyyatı xalqın tarixini, ictimai-siyasi və estetik görüşlərini, əxlaq və təfəkkür tərzini, sözün geniş mənasında, mədəniyyətini əks etdirən ən etibarlı sənəd kimi araşdırır və uğurlu nəticələrə gəlirdi.

Konfransın sonunda bildirilb ki, Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıqla bağlı tədqiqatları tematik diapazonu baxımından olduqca geniş, tədqiq və təhlil üsullarına görə rəngarəngdir.

Daha sonra qonaqlar V tədris binasının nəzdində olan Heydər Əliyev guşəsində, universitetin tarixini əks etdirən muzeydə, Nuru Paşa adına kitabxanada olublar.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ