Gəncə Dövlət Universitetində “Bəşəriyyət üçün ən böyük bəla narkomaniyadır” adlı tədbir keçirilib

              Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsində dövrümüzün ağır bəlası olan narkomaniyaya həsr edilən “Bəşəriyyət üçün ən böyük bəla narkomaniyadır” adlı tədbir təşkil edilib.  

     Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva  “Müasir cəmiyyətdə  narkomaniya problemləri” adlı məruzə ilə çıxış edərək bildirib ki,  bu tədbirin keçirilməsində məqsəd gəncləri narkomaniya, psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək, eləcə də onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.  Prorektor dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.  

   Tədbirdə Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova  diqqətə çatdırıb ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək  isə valideynlərdən, əsasən də müəllimlərdən asılıdır.

    Tədbirdə Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin dekanı, professor İsfəndiyar Alverdiyev “Narkomaniyaya qarşı birgə mübarizə aparmalıyıq”,  Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova “Narkomaniya insanın mənəviyyatını məhv edir”,   Kimya kafedrasının müdiri, dosent Aynur Məmmədova “Narkomaniya asılılığın ən ağır növüdür”, Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi İlahə Fərəcullayeva “Narkomaniya insanlara bədbəxtlik və şikəstlik gətirir”, Kimya-biologiya fakültəsinin II kurs tələbəsi Şəfiqə İsgəndərova “Narkomaniya gəncləri cəmiyyətdən təcrid edir”  mövzularında çıxış ediblər.  

   Tədbirin davamında narkotik vasitələrin yaratdığı fəsadlardan bəhs edən video-çarx nümayiş etdirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti