Gəncə Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.
Elmi Şura öz işinə başlamazdan öncə universitetin rektoru Yusif Yusibov Psixologiya kafedrasının dosenti Cəfər İbrahimova GDU-nun Fəxri professoru diplomunu təqdim edib, ona elmi fəaliyyətində uğurlar arzulayıb.
Sonra Elmi Şura öz işinə başlayıb. Rektor iclası giriş sözü ilə açaraq Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi Şurada birinci məsələ – akkreditasiya komissiyanın tövsiyələri ilə əlaqədar hazırlanmış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərin yekun hesabatı haqqında İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov çıxış edib, akkreditasiya komissiyasının tövsiyələrinin icrası barədə ətraflı məlumat verib.
Gündəlikdə duran növbəti məsələ-GDU-nun institusional akkreditasiya üzrə Özünütəhlilin nəticələri haqqında hesabata dair Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov çıxış edib, İnstitusional akkreditasiyası üzrə Özünütəhlil hesabatı barədə görülən işlərdən, hesabatın istiqamətləri, bölmələri, eləcə də akkreditasiya zamanı meyarlara uyğun qiymətləndirmənin nəticələrindən danışıb. Bildirilib ki, ali təhsil müəssisələrinin akkreditasiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında həyata keçirilir. “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq GDU-nun Özünütəhlil hesabatı hazırlanmışdır. Özünütəhlil hesabatının və ona əlavə edilməli olan sənədlərin hazırlanmasında bütün fakültələr, şöbələr və digər struktur bölmələri qarşılıqlı əlaqədə və səmərəli fəaliyyət göstərmişlər.
İclasda fakültələrdə payız imtahan sessiyasının yekunları ilə əlaqədar sənədlərin yoxlanması üçün yaradılmış komissiyaların ümumiləşdirilmiş məlumatına dair Tədris departamentinin direktoru Elturan Yusifovun məruzəsi dinlənilib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Elmi Şurada İsmayıl İsmayılovun Ümumi tarix kafedrasında, Aynur Qasımovanın Riyazi analiz kafedrasında, Bahar Hacıyevanın Ümumi texniki fənlər və texnologiya kafedrasında, Kəmalə Əliyevanın Praktik xarici dillər kafedrasında, Elnarə Hüseynovanın Anatomiya, fiziologiya və zoologiya kafedrasında vakant olan dosent vəzifəsini tutmaları məsələsi müzakirə edilərək gizli səsvermə yolu ilə qəbul edilib.
Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti