GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

               Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ili üzrə Elmi Şuranın ilk iclası keçirilib. İclas öz işinə başlamazdan öncə universitetin rektoru Yusif Yusibov Ümumi tarix kafedrasının əməkdaşı Saidə İsmayılzadənin “Ümumi tarix” ixtisası üzrə dosent elmi adı, Ümumi pedaqogika  kafedrasının müəllimi Tura Əliyevanın “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisasında pedaqogika üzrə və Praktik xarici dillər  kafedrasının müəllimi Türkan Həsənovanın “Müqaysəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib və  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  tərəfindən verilmiş müvafiq diplomları təqdim edib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

     İclasda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən Fizika kafedrasının dosenti Vaqif Rüstəmova “Arı zəhərini toplamaq üçün avtonom qurğu” ixtirasına görə Patentin verildiyi diqqətə çatdırılıb, bu münasibətlə əməkdaşımız təbrik olunub.

      Sonra Elmi Şura öz işinə başlayıb. Rektor Yusif Yusibov iclası giriş sözü ilə açaraq qarşıdan gələn 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə universitetin professor-müəllim heyətini təbrik edib. Ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən  dövlət qayğısından danışıb.

      Daha sonra rektor Şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış edib.

     Elmi Şurada birinci məsələ-2023/2024-cü tədris ilinin  yaz  imtahan sessiyasının yekunu və 2024/2025-ci tədris ilində qarşıda duran və­zifələrə dair Tədris məsələləri üzrə prorektor Şahin Xurşudovun, ikinci məsələ – Universitetin maddi-texniki baza­sının genişləndirilməsi və aparılmış təmir işləri haqqında İnzibati tə­sər­rüfat işləri üzrə pro­rek­tor Fəxrəddin Həsənovun geniş hesabat  məruzəsi dinlənilib.

     Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq  Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

     Elmi Şurada   1 oktyabr 2024-cü il  tarixdən etibarən Gəncə Dövlət Universitetinin bütün əməkdaşlarının maddi-rifah halının daha da yaxşılaşdırılması məqsədilə   əməkhaqlarının 20 % artırılması haqqında qərar qəbul edilib.

      İclasda  5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Gəncə Dövlət Universitetinin hər bir əməkdaşına aylıq əmək haqqının 10 %-i miqdarında pul mükafatı verilməsi barədə qərar da qəbul edilib.

      Rektor Yusif Yusibov tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə dair vacib olan məsələlərlə bağlı tapşırıqlar verib.

     Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti