GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB
Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan öncə universitetin rektoru Yusif Yusibov Botanika kafedrasının əməkdaşı Aynur Bayramovanın professor elmi adı, Fizika kafedrasının müəllimi Nuranə Verdiyevanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş müvafiq diplomları təqdim edərək onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Elmi Şurada diqqətə çatdırılıb ki, artıq bir neçə ildir ki, Gəncə Dövlət Universiteti Moskva Dövlət Mədəniyyət İnstitutu ilə elmi əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Moskva Dövlət Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə 2024-cü il oktyabrın 15-dən 18-dək Moskvada keçirilən Beynəlxalq Konqresdə Azərbaycanı Gəncə Dövlət Universitetindən professor Şahin Tağıyev təmsil edərək “Tolerantlıq Azərbaycanda millətlərarası ünsiyyətin əsas göstəricisidir” mövzusunda məruzə ilə çıxış edib. O da bildirilib ki, Moskvada ənənəvi olaraq hər ilin aprel ayında “Pedaqogika və psixologiyanın aktual problemləri” adı ilə, oktyabr ayında isə “İnnovasiya dövründə artpedaqogika və artpsixologiya” adı ilə Qazaxıstan və Belarusiya universitetləri ilə birgə beynəlxalq elmi-praktiki konfranslar keçirilir. 10 oktyabr 2024-cü il tarixdə keçirilən konfransda Ümumrusiya Elmi Festifalı təşkilat komitəsinin həmsədri, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçinin imzası ilə GDU-nun professoru Şahin Tağıyev VI Beynəlxalq konfransın Diplomu və Təşəkkürnaməsi, dosent Zakir Ələsgərov, dosent Niyazi Nəbiyev, pedaqogika üzrə fəlsəfə doktoru Tura Əliyeva, müəllimlər Nigar Quliyeva və Lalə Bayramova isə fəal iştirak etdiklərinə görə Festivalın Sertifikatı ilə təltif olunmuşlar.
Rektor Yusif Yusibov cari ildə Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalında Gəncə Dövlət Universitetinin tələbələrinin uğur qazandığını diqqətə çatdırıb, bu münasibətlə Musiqi kafedrasının müdiri Sevda Qurbanəliyevanı və tələbələri təbrik edib. Qeyd olunub ki, GDU-nun tələbələrindən ibarət xor kollektivi və “Gəncəm” vokal qrupu respublika üzrə I yerə, Aşıq musiqisi ifaçıları isə III yerə layiq görülüb, qaliblərə Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Elmi Şurada Ekologiya və təbiəti mühafizə kafedrasının 20 illik yubileyi münasibəti ilə təbrik olunub.
Sonra Elmi Şura öz işinə başlayıb. Rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış edib.
Elmi Şurada birinci məsələ- Universitetdə əmək intizamının möhkəmləndirilməsi üçün görülən işlərin vəziyyətinə dair Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevanın, ikinci məsələ – Buraxılış kurs tələbələrinin pedaqoji və istehsalat təcrübələrinin təşkili ilə əlaqədar görülən işlər barədə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin geniş məruzəsi dinlənilib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Elmi Şurada rektor Yusif Yusibov tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə, əmək intizamının möhkəmləndirilməsinə dair vacib olan məsələlərlə bağlı tapşırıqlar verib.
Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti