Gəncə Dövlət Universitetində sahibkarlıq və karyera mövzusunda maarifləndirici görüş keçirilib
Gəncə Dövlət Universitetində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşəbbüsü ilə sahibkarlıq və karyera perspektivlərinə həsr edilmiş görüş keçirilib.
Görüşdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bu cür maarifləndirici tədbirlərin tələbələrin peşəkarlığının formalaşmasında mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, tədbirin keçirilməsində məqsəd gənc xanımların biznes sahəsində bilik və bacarıqları artırmaq, onların gələcək karyera hədəflərinin düzgün müəyyənləşdirilməsinə dəstək olmaq, eləcə də qadınların iqtisadi fəallığının təşviqinə töhfə verməkdir.
Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Protokol və Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, İnnovative Brands Group MMC-nin təsisçisi Günay Həsənli çıxış edərək assosiasiyanın həyata keçirdiyi layihələr, beynəlxalq əməkdaşlıqlar və gənclər üçün təqdim olunan imkanlar barədə ətraflı məlumat verib. O, tələbə qızları sahibkarlıq fəaliyyətində daha fəal olmağa, öz ideyalarını reallaşdırmaqdan çəkinməməyə çağırıb və uğurlu biznes quruculuğunda davamlı inkişafın vacibliyini vurğulayıb.
Sonda tələbələrin sualları cavablandırılıb.




