GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Azercell-in həyata keçirdiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Eyni zamanda Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir.Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell şirkətinin prioritet fəaliyyət sahəsi olacaq.

Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, “Azercell Telekom” MMC-nin İnsan Qaynaqları Departamentinin əməkdaşlarının tələbələrlə görüşü təşkil edilib.

Rektorun baş müşaviri dosent Asif Cavadov “Azercell Telekom” MMC-nin əməkdaşlarını tələbələrə təqdim edərək,  şirkətin həyata keçirdiyi təqaüd proqramının əhəmiyyəti haqqında fikirlərini bildirib.

Əməkdaşlar  Vahidə Orucova, Leyla Tağıyeva və İbrahim Əhmədov qeyd ediblər ki, Azercell Telekom MMC tələbələr üçün 2019-2020-ci tədris ili üçün növbəti Təqaüd Proqramına start verir.

Bildirilib ki, öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər “Təqaüd Proqramı”na müraciət edə bilərlər. Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq 200 AZN təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində , müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.

Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.