Gəncə Dövlət Universitetində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan elmi” adlı tədbir keçirilib
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Gəncə Dövlət Universitetində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan elmi” adlı tədbir keçirilib.
Tədbirdə rektorun baş müşaviri Asif Cavadov çıxışında “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Heydər Əliyevin elmin inkişafına göstərdiyi misilsiz xidmətlərindən ətraflı danışıb. Bildirib ki, Azərbaycan təhsilinin son yarım əsrdə qazandığı böyük uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dönəmində ölkəmizdə görünməmiş uğurlar qazanıldı. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular.
Rektorun baş müşaviri Asif Cavadov onu da diqqətə çatdırıb ki, elm və təhsil sahəsindəki islahatlar Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə YAP Gəncə şəhər Təşkilatının nümayəndəsi Yüksəl Məmmədov və universitetin Ümumi tarix kafedrasının müdiri Vüsalə Veysəlova çıxış edərək Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiyası, kadr potensialının yüksəldilməsi və elmin sürətli inkişafı üçün yaradılan imkanlardan danışıblar.
Tədbirin sonunda mövzu ətrafında tələbələri maraqlandırılan suallar cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti