GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN MƏZUNU MİQ İMTAHANINDA ALMAN DİLİ FƏNNİ ÜZRƏ ƏN YÜKSƏK BAL TOPLADI
Seçdiyimiz elm sahəsində öhdəsindən gələ bilməyəcəyimiz çətinlik yoxdur. Daha çox oxumaqla, hər gün yeni biliklər qazanmaqla, əzmlə, yorulmadan çalışaraq ən yüksək nəticəni əldə etmək mümkündür.
Bu sözləri müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində Alman dili fənni üzrə ən yüksək (55) bal toplayan Səma Əlizadə deyib.
Səma Əlizadə imtahan barədə təəssüratlarını bölüşərək qeyd etmişdir ki, 2013-cü ildə 559 balla Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsinin Alman dili müəllimliyi ixtisasina qəbul olub və 2017-ci ildə universiteti bitirib. 2020-ci ildə Miq imtahanında 51 bal toplamış və Beylaqan rayon Qaradağlı kənd Aqil Budaqov adına tam orta məktəbdə işlə təmin olunmuşdur.
Bu il Miq imtahanında isə ixtisası üzrə 55 bal toplamışdır. Səma Əlizadə bildirmişdir ki, imtahan çox şəffaf keçdi. Xüsusilə nəzarətçilərə göstərdikləri anlayış və xoş münasibət üçün öz minnətdarlığını bildirmişdir. İmtahan suallarının isə onun üçün o qədər də mürəkkəb olmadığını bildirmişdir. Onu da qeyd edib ki, üzərində daim işləyən, hər zaman bilik əldə etməyə çalışan insan üçün elmin qapıları açıqdır. O, bu yolu əzmlə və çətinliklə qət edib. Ancaq 51 balı keçməyi hədəfləmişdi. Qətiyyətlə çalışıb, imtahanlara hazırlaşmışdı.
Bu gün o, Alman dili ixtisası üzrə imtahan nəticəsinin 55 bal olma qürurunu və sevincini yaşayır. Bu uğuru əzmi, savadı və özünə inamın sayəsində əldə edib. Topladığı bala uyğun vakant yer seçib, savadlı və şagirdlərin sevimli müəllimlərindən biri olacağını qarşısına məqsəd qoyub. Müəllimlik fəaliyyətiylə bağlı çoxlu planları var. Onları həyata keçirib, daha böyük uğurlar əldə etmək istəyir. Səma Əlizadə hər bir uşağa fərdi yanaşaraq onların psixoloji vəziyyətini nəzərə alıb, şagirdlərlə müəllim və yeri gələndə yaxın insanı kimi rəftar edərək, onların xırda uğurlarını da qiymətləndirib, daha yüksək nailiyyətlər əldə etməsi üçün əlindən gələn köməyi əsirgəməyəcəyini bildirib.
Gəncə Dövlət Universitetinin rektorluğu və kollektivi adından Səma Əlizadəni təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti