GDU-da 27 Sentyabr – Anım gününə həsr olunan tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsində 27 Sentyabr –Anım gününə həsr olunan tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri açaraq bildirdi ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü. Şanlı Zəfər qazanıldı və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Biz 30 ilə yaxın idi ki, torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşayaraq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq.
Riyaziyyat və informatika fakültəsinin dekanı Oruc Hüseynov “Müqəddəs savaş” adlı çıxışında qeyd etdi ki, 5 il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz rəşadətlə döyüşərək böyük tarixi nailiyyətlə imza atdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, Müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində Vətən müharibəsi zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.
Tədbirdə Riyazi-analiz kafedrasının müdiri Orucəli Rzayev “Tariximizin 44 günlük Vətən müharibəsi”, İnformatika və cəbr kafedrasının mühəndis-proqramçısı, 44 günlük Vətən müharibəsi iştirakçısı İsmət Budaqov “Misilsiz Zəfər yürüşü”, Riyaziyyat və informatika fakültəsinin 2-ci kurs tələbəsi, 44 günlük Vətən müharibəsi iştirakçısı Fikrət Əkbərov “Şəhadət zirvəsinə yüksələnlər”, 2-ci kurs tələbəsi Lalə Əliyeva “Tariximizin ən şanlı səhifəsi” adlı məruzələrlə çıxış etdilər.
Tədbirdə 27 Sentyabr –Anım gününə həsr olunan videoçarx nümayiş etdirildikdən sonra tələbələr “Şəhidlik zirvəsi” adlı bədii kompozisiya nümayiş etdirdilər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti







