GDU-da 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib
Gəncə Dövlət Universitetində 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq Müstəqillik Gününün Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biri olduğunu qeyd edib. Prorektor bildirib ki, 105 il bundan öncə əsası qoyulmuş Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində şərəflə fəaliyyət göstərmiş və Azərbaycan xalqının öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etmişdir.
Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə və rektorun baş müşaviri Asif Cavadov çıxışında qeyd ediblər ki, müstəqil və qalib Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir.
Tədbirdə 2021-ci il 15 oktyabr tarixində qəbul edilən “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında danışılıb. Qeyd edilib ki, Sözügedən Qanunla 28 May tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır.
Tədbirin davamında Ümumi tarix kafedrasının dosenti Etibar Musayev “28 May – Müstəqilliyimizin şərəf tarixidir”, Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikova “Cümhuriyyət dövründə dil və əlifba məsələləri”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Elminaz Namazova “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”, Sosial fənlər kafedrasının müəllimi Ramin Əliyev “Azərbaycanda Xalq Cumhuriyyətinin Hüquq Mühafizə Orqanlarının yaradılması siyasəti” mövzularında məruzə ilə çıxış ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti