GDU-da 7 oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib
Gəncə Dövlət Universitetinin (GDU) Azad Həmkarlar İttifaqı Komitəsinin (AHİK ) təşkilatçılığı ilə “7 oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub.
Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin (AHİK) sədri Afaq Qasımova tədbiri giriş sözü ilə açaraq layiqli əməyin mahiyyəti, dövlətimiz və həmkarlar ittifaqları tərəfindən bu istiqamətdə görülən işlərdən danışıb. Ümumdünya Layiqli Əmək Gününün təsis olunmasının əhəmiyyəti, həmkarlar qarşısında duran vəzifələri barədə, o cümlədən əmək şəraiti, işçilər arasında bərabərlik, əməyin mühafizəsi sahəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Ümumdünya Layiqli Əmək Günü Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və Beynəlxalq Əmək Təşkilatının fəal dəstəyi ilə 2008-ci ildən hər il qeyd edilir. Onun əsas vəzifəsi dünyanın bütün həmkarlar ittifaqlarını layiqli əmək şəraitinin təmin edilməsi uğrunda fəaliyyətə səfərbər etməkdir. Komitənin sədri Afaq Qasımova onu da bildirib ki, hazırda ölkəmizdə vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial ədalət prinsipinin üstünlüyü ön planda dayanır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsindən sonra bu sahədə kompleks tədbirlər həyata keçirilib və yüksək nailiyyətlər əldə olunub. O da vurğulanıb ki, işçilərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi Gəncə Dövlət Universitetinin fəaliyyətində hər zaman mühüm yer tutur. Universitet əməkdaşlarının sağlamlığının qorunması, əməyinin mühafizəsi, əməkhaqlarının vaxtında verilməsi, məzuniyyət hüquqlarından istifadə məsələləri ciddi nəzarətdə saxlanılır.
Millət vəkili, GDU-nun Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxışında bildirib ki, 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ölkəmizdə həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Bunun nəticəsidir ki, respublikamızda işçilər üçün səmərəli məşğulluq, sağlam və layiqli iş yeri, əmək şəraiti yaradılıb. Aparılan işlərin əsas məqsədi hər şeydən əvvəl insan amilinə, insanların rahatlığına yönəlib.
Daha sonra Ümimi texniki fənlər kafedrasının müdiri Elçin Cavadov, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev, universitetin hüquqşünası Günay Şirinova çıxış edərək işçilərin əmək hüquqlarının təmin edilməsi məqsədilə ölkədə həyata keçirilən tədbirlərdən ətraflı danışıblar.
Tədbirin sonunda layiqli əməklə bağlı müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti