GDU-da Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü və 21 Sentyabr -Beynəlxalq Sülh Gününə həsr edilmiş tədbir keçirilib

            Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsində 20 Sentyabr Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü və 21 Sentyabr -Beynəlxalq Sülh Gününə həsr edilmiş tədbir keçirilib.

     Öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu və şanlı tariximizə ən parlaq səhifələr yazıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğu­na son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Prorektor Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəyini vurğulayıb.

       Riyaziyyat-informatika  fakültəsinin dekanı Oruc Hüseynov çıxış edərək Beynəlxalq Sülh Gününün BMT tərəfindən təsisolma tarixindən  danışıb. Dünyada tolerantlıq mərkəzi kimi tanınan Azərbaycanda müxtəlif azsaylı xalqların daim sülh  və əmin-amanlıq şəraitində yaşamasından söhbət açıb.  Vurğulayıb   ki, xalqımız hər zaman sülhsevər xalq olub. Ölkəmiz dünyada sülhün bərqərar olmasına töhfə verməklə yanaşı onun təşviqində də böyük rol oynayır.

       Daha sonra tələbələrin ifasında vətənpərvərliyə aid şeirlər səsləndirilib.

      Sonda tədbir iştirakçıları universitetin VI tədris binasının qarşısında sülhün rəmzi olan ağ göyərçinləri səmaya uçurdublar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti