GDU-da “COP29 – Azərbaycanın Yaşıl dünya naminə fəaliyyəti” mövzusunda tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində “COP29 – Azərbaycanın Yaşıl dünya naminə fəaliyyəti” mövzusunda tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladıb və noyabr ayında respublikamızda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır. COP29-un ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Tədbirdə Tarix-Coğrafiya fakültəsinin dekanı Urfan Həsənovun “COP29 və Azərbaycan üçün Yaşıl Baxış”, Coğrafiya kafedrasının dosenti Nəsibə Hacıyevanın “Azərbaycanda günəş enerjisindən istifadənin coğrafi ekoloji əhəmiyyəti”, Coğrafiya kafedrasının baş müəllimi Arifə Əhmədlinin “Qlobal istiləşmə: İqlim dəyişmələrinin yer kürəsində insanların həyatına təsiri”, Coğrafiya kafedrasının baş müəllimi Xudu Məmmədovun “Yaşıl təbiətin mühafizəsində sellərə qarşı mübarizənin əhəmiyyəti”, Tarix-Coğrafiya fakültəsinin 2-ci kurs tələbəsi Ləman Cəlilovanın “Ekologiya ilə bağlı Azərbaycanda görülmüş və görüləcək işlər” mövzusunda çıxışları dinlənilib.
Çıxışlarda ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərin əhəmiyyətindən danışılıb, təbiətin və yaşıllığın qorunmasının vacibliyi haqqında söhbət açılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti