GDU-da “COP29: Azərbaycanın dünyaya töhfəsi” mövzusunda tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində “COP29: Azərbaycanın dünyaya töhfəsi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva “COP 29: Məqsədyönlü siyasətin növbəti uğurlu mərhələsi” adlı məruzə ilə çıxış edib. Bildirib ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 həm əhəmiyyətinə, həm də iştirakçıların sayına görə Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbirdir. Prorektor ölkəmizin ətraf mühitin qorunması, qlobal iqlim dəyişmələri sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini və bu prosesə töhfələr verdiyini vurğulayıb.
Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov “Planetimizin xilası iqlim dəyişkənliyinin qarşısının alınması və ətraf mühitin qorunmasındadır” mövsunda çıxış edərək Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” və işğaldan azad edilmiş ərazilərin “Yaşıl enerji” zona elan edilməsinin ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə Coğrafiya kafedrasının əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Nəsibə Hacıyeva “Qlobal istiləşmənin dağlıq ərazilərin buzlaqlarına təsiri”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev “COP 29: Yaşıl dünya naminə hərəkat”, Coğrafiya kafedrasının baş müəllimi Seymur Xəlilov “Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında bərpa olunan enerjinin (yaşıl enerji) rolu”, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Zərifə Seyidova “İqlim dəyişikliklərinin səbəbləri və nəticələri”, Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi Məkufə Quliyeva “Azərbaycanın növbəti uğuru – COP 29” adlı məruzələrlə çıxış ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti