GDU-da “COP29 İqlim dəyişkənliyi ilə mübarizə” mövzusunda tədbir keçirilib
Gəncə Dövlət Universitetində “COP29 İqlim dəyişkənliyi ilə mübarizə” mövzusunda tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən və Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizənin önündədir və noyabr ayında COP29 kimi qlobal tədbirin Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha onu təsdiq edir ki, Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malik olan dövlətlərin sırasında yer tutur. Ölkəmiz ənənəvi enerjinin əsas ünvanlarından biri kimi tanınsa da, son illərdə alternativ və bərpaolunan enerjiyə keçid sahəsində böyük irəliləyişə nail olub. COP29-un Bakıda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə verəcək.
Tədbirdə Kimya-biologiya fakültəsinin əməkdaşları – professor Sevda Əhmədova “Müasir dövrdə qlobal müharibə və sülh problemlərinin iqlim dəyişmələrinə təsiri”, dosent Nəsibə Nəsirova “Alternativ enerji mənbələrinin qlobal iqlim dəyişmələrinə müsbət təsiri”, dosent Lalə Abdullayeva “İqlim dəyişkənliyinin Xəzərin ixtiofaunasına təsiri ”, baş müəllim Güləbatın Hümbətova “GMO-nun ətraf mühitə və canlılara təsiri” və müəllim Sevinc Mahmudova “Qlobal istiləşmənin ekoloji nəticələri” adlı məruzələrlə çıxış ediblər.
Tədbir ekoloji tarazlığın və ətraf mühitin qorunması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində “ağıllı şəhər” və “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilməsi və su-elektrik stansiyalarının yaradılmasına dair müzakirələrlə davam edib. Çıxış edənlər qlobal iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, ətraf mühitə, eləcə də qlobal qida təhlükəsizliyinə, regional təhlükəsizlik sistemlərinə neqativ təsirlərindən, həmçinin alternativ enerji mənbələrindən səmərəli istifadənin vacibliyindən bəhs ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti