GDU-da COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş elmi konfrans keçirilib

         Gəncə Dövlət Universitetində “Qlobal iqlim dəyişmələrinin canlı aləmə təsiri və onların aradan qaldırılması yolları” mövzusunda elmi konfrans keçirilib.  Konfrans COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunub. 

      Öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.

       Elmi konfrans Gəncə Dövlət Universitetinin V tədris korpusunda təşkil edilib. Konfrans iştirakçıları ekologiyanın müxtəlif sahələrinə aid kitab və rəsm əsərlərindən  ibarət sərgiyə baxış keçiriblər.

      Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad olunub.

     COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

      Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə elmi konfransı giriş sözü ilə açaraq qonaqları salamlayıb. Bildirib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ölkəmizdə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın  qorunması, yaşıllıqların artırılması prioritet məsələ olmuşdur. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır. Azərbaycanda ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi önəm verilir. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan edilməsi, prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətindən xəbər verir. Pərvin Kərimzadə onu da bildirib ki, Azərbaycan hər zaman qlobal çağırışlara çevik reaksiya verən və özü də təşəbbüslərlə çıxış edən ölkələr sırasında mühüm yer tutur. Bu səbəbdən bu ilin noyabr ayında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizin dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in fəal iştirakçılarından biri kimi tanınması, həm də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

     Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor  Sevda Əhmədova çıxışında  işğaldan azad olunmuş ərazilərdə aparılan elmi tədqiqatlardan söhbət açıb. Bildirib ki, 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağın flora və faunası məhv edilib, kənd təsərrüfatı ciddi ziyan görüb. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz “boz zona”nın “yaşıl zona”ya çevrilməsinə imkan yaradıb. Professor Sevda Əhmədova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə universitetdə keçirilən silsilə tədbirlərdən, maarifləndirmə işlərindən və tələbələrin iştirakı ilə  ağacəkmə aksiyalarından danışıb.

     Elmi konfransda Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev çıxış edərək COP29 tədbirinin Azərbaycanda keçiriləsinin əhəmiyyətindən bəhs ediblər, qlobal iqlim dəyişmələrinin canlı aləmə təsirindən və onların aradan qaldırılması yollarından ətraflı danışıblar.

        Elmi konfrans plenar məruzələrlə davam edib. Ümumdünya Təbiəti mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov, Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, professor Əhəd Nəbiyev, Ətraf mühitin mühafizəsi kafedrasının müdiri,  professor Elşad Məmmədov, AR Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun dosenti Azad Kərimov, AMEA-nın Gəncə bölməsinin əməkdaşı Elnur Həsənov, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı Mədinə Abışova və GDU-nun Ekologiya ixtisasının tələbələrinin məruzələri dinlənilib.

     Konfransa dair dərc olunmuş materiallar qonaqlara təqdim olunub.

     Elmi konfrans başa çatdıqdan sonra ağacəkmə aksiyası keçirilib.  

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti