GDU-da DIRNA layihəsi çərçivəsində yay məktəbinin keçirilməsinə start verilib

                   İyul ayının 29-da Xəzər Universitetinin koordinatoru olduğu Erasmus+KA2 proqramının “Azərbaycanda İnstitusional Repozitoriyalar (Elektron Arxiv) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində yay məktəbinin keçirilməsinə start verilib.

    5 günlük yay məktəbində layihənin tərəfdaşı olan Azərbaycan universitetlərindən – Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Avropa tərəfdaşlarından isə Finlandiyanın Yyuvyaskyulya Universiteti, İtaliyanın Università degli Studi dell’Aquila, Türkiyənin İzmir Yüksek Texnologiya İnstitutunun nümayəndələri iştirak edəcəklər.

      Yay məktəbinin açılış mərasimində Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxış edərək layihə çərçivəsində keçiriləcək təlimlərin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, layihə elmi-tədqiqatların idarə edilməsi ilə yanaşı, tədqiqat nəticələrinə açıq çıxışın təmin edilməsinə dəstək verəcək və ali təhsil müəssisələri arasında elmi əlaqələri gücləndirəcək.

      Xəzər Universitetinin rektoru İradə Xəlilova çıxışında universitetlərin tədqiqat potensialının artırılmasında DIRNA layihəsinin əhəmiyyətli rolundan danışıb, yay məktəbinin təşkilinə görə Gəncə Dövlət Universitetinə minnətdarlığını bildirib və layihənin işinə uğurlar arzulayıb.

     Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva DIRNA layihəsi haqqında ətraflı məlumat verib. Bildirib  ki, layihənin məqsədi elektron arxiv şəbəkəsinin yaradılması ilə Azərbaycan universitetlərinin çap materialının, məqalələrin, kitabların və digər elmi nəşrlərin bir platformada toplanması, qorunub saxlanması və bu materialların beynəlxalq aləmə çıxışının təmin edilməsidir. Həmçinin Azərbaycanda elektron arxiv işinin təkmilləşdirmək, aparılan elmi-tədqiqatların profilini yüksəltmək və beynəlxalq sferaya inteqrasiya olmasına köməklik etməkdir.

       Daha sonra Türkiyənin İzmir Yüksek Texnologiya İnstitutunun kitabxana müdiri Gültekin Gürdal təqdimatla çıxış edib, universitet kitabxanasının təhsilin və tədqiqatın inkişafında rolundan,  İnstitusional Repozitoriyalar (Elektron Arxiv)  şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafından və Türkiyənin bu sahə üzrə təcrübəsindən danışıb.

       İclasda  tərəfdaş universitetlərin  layihədəki rolundan bəhs olunub.

       Qeyd edək ki, Gəncə Dövlət Universitetində keçiriləcək 5 günlük yay məktəbində Avropa tərəfdaş universitetlərinin nümayəndələri “Açıq elm və institusional repozitoriyaların önəmi”, “Açıq nəşriyyat etikası, müəllif hüquqları, hüquqi problemlər”, “institusional repozitoriyaların texniki tələbləri və xüsusiyyətləri”, “Etibarlı tədqiqat və innovasiyalar, araşdırmam üçün etibarlı nəşriyyatlar” adlı təqdimatlar ilə çıxış edəcəklər və təcrübələrini bölüşəcəklər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti