GDU-da “Elm və İnnovasiya Ayı” çərçivəsində “Akademik yazıdan qlobal nəşrə: Gənc tədqiqatçılar üçün elmi strategiyalar” mövzusunda seminar keçirilib
Gəncə Dövlət Universitetində (GDU) “Elm və İnnovasiya Ayı” çərçivəsində tələbələrin elmi-tədqiqat bacarıqlarının təkmilləşdirilməsinə dair seminar keçirilib. Fizika və texniki fənlər fakültəsində GDU Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə baş tutan tədbir “Akademik yazıdan qlobal nəşrə: Gənc tədqiqatçılar üçün elmi strategiyalar” mövzusuna həsr olunub.
GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək elmi məqalələrin hazırlanmasında süni intellekt (Sİ) texnologiyalarından istifadə imkanlarına toxunub, süni intellektin elmi yaradıcılıqda həm köməkçi vasitə, həm də yeni imkanlar açan bir vasitə olduğunu vurğulayıb və bu texnologiyalardan düzgün istifadə edərək beynəlxalq səviyyəli məqalələrin yazılması metodologiyası barədə ətraflı məlumat verib.
Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev çıxışında bu növ təlimlərin gənc tədqiqatçıların elmi mühitə inteqrasiyasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Fizika kafedrasının müdiri Yəhya Namazanov elmi məqalənin strukturunun düzgün qurulması, hipotezlərin formalaşdırılması və nəticələrin əsaslandırılması yollarından danışıb.
Fizika üzrə fəlsəfə doktoru, baş müəllim Sevinc İmanova bu istiqamətdə praktiki məsləhətlərini bölüşərək, tələbələrin elmi bazalarla işləmə prinsiplərini izah edib.
Elmi seminar sual-cavab və interaktiv müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, seminarın əsas məqsədi tələbələrdə akademik yazı mədəniyyətini formalaşdırmaq, yerli və beynəlxalq jurnallarda gənclərin elmi məqalələrinin nəşr olunmasına stimul verməkdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






