GDU-DA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şura öz işinə başlamazdan əvvəl universitetin rektoru Yusif Yusibov iclası giriş sözü ilə açaraq qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ali təhsil ocağının əməkdaşlarını təbrik edib, ən xoş arzularını bildirib.
Daha sonra rektor Gəncə Dövlət Universitetinin Anatomiya, fiziologiya və zoologiya kafedrasının əməkdaşı Tükəzban Rüstəmovanın “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə elmlər doktoru, Coğrafiya kafedrasının əməkdaşı Lətafət Cəfərovanın “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş diplomları onlara təqdim edərək elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Elmi Şuranın iclasında GDU İdman klubunun rəhbəri Xəqani Umudov idman sahəsində görülmüş işlər, əldə edilən uğurlar, və qazanılmış birincilik haqqında məlumat verib. Bildirib ki, GDU İdman Klubunun yetirmələri olan komandalar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş region universitetləri arasında keçirilən şahmat-dama turnirinin, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş voleybol turnirinin, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş minifutbol yarışmasının 1-cisi olub. Eləcə də GDU İdman Klubunun yetirməsi Fatimə Mehdiyeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında boks üzrə yarışlarda bürünc medal qazanıb.
Universitetin rektoru Yusif Yusibov idman sahəsində əldə edilən qələbələri yüksək qiymətləndirib və uğurlar münasibəti ilə təbrik edib.
İclasın davamında rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
2025/2026-cı tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında Tədris departamentinin direktoru Elturan Yusifovun ətraflı çıxışı dinlənilib. Diqqətə çatdırılıb ki, 05 yanvar 2026-cı il tarixdə başlayacaq imtahan sessiyasının 30 yanvar tarixdə yekunlaşması nəzərədə tutulur. Əvvəlcədən tələbələr arasında imtahanların keçirilməsi qaydası, imtahan cədvəli, suallarla bağlı maarifləndirmə işləri aparılıb. İmtahan sessiyasının mövcud əsasnamələrə uyğun obyektiv keçirilməsi, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb.
Daha sonra buraxılış kurs tələbələrinin pedaqoji və istehsalat təcrübələrinin təşkili ilə əlaqədar görülən işlərə dair Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin məruzəsi dinlənilib. Bildirilib ki, tələbələrin pedaqoji və istehsalat təcrübələri Azərbaycan Respublikasının Nazıirlər Kabinetinin qərarı ilə təhsil və istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında 2026-cı il fevral ayından başlanması nəzərdə tutulur. 2025/2026-cı tədris ili üzrə 1877 tələbə orta ümumtəhsil məktəbləri, müəssisələr, təşkilatlar və tarixi məkanlarda təcrübə keçəcəklər.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
İclasda Azərbaycan dili kafedrasının əməkdaşı Mehriban Məmmədovanın “Azərbaycan dili” ixtisası üzrə, Coğrafiya kafedrasının əməkdaşı Nəsibə Hacıyevanın “İqtisadi coğrafiya” ixtisası üzrə, Fransız dili kafedrasının əməkdaşı Vüsalə İsgəndərovanın “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisası üzrə, Ümumi riyaziyyat kafedrasının əməkdaşı Esmira Cəfərlinin “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (riyaziyyatın tədrisi metodikası)” ixtisası üzrə dosent elmi adını almağa dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul olunub.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






