GDU-DA ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Gəncə Dövlət Universitetində Elmi Şuranın  növbəti iclası keçirilib. Elmi Şura öz işinə başlamazdan əvvəl rektor Yusif Yusibov Universitetin İnformatika və cəbr  kafedrasının əməkdaşı Samirə Babayevanın Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (informatikanın tədrisi metodikası) ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  tərəfindən verilmiş diplomu təqdim edərək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

Uzunmüddətli səmərəli elmi-pedaqoji  fəaliyyəti və anadan olmasının 65 illik yubileyi münasibəti ilə Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi İlham Ağayevə Fəxri Fərman və mükafat təqdim edilib.

Elmi Şuranın iclasında universitetin uğurlarından bəhs olunub. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının  birgə təşkilatçılığı  ilə keçirilən ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə festivalında  Gəncə Dövlət Universitetinin “Ozan” folklor ansamblı və xor kollektivi 1-ci yeri qazanıblar. Bununla yanaşı müsabiqənin iştirakçısı olan universitetin tələbələri Tofiq Hüseynzadə aşıq musiqisi üzrə və Həsən Həsənli isə vokal (klassik) üzrə III yerə layiq görülərək diplomlarla təltif olunublar. Müsabiqədə fəal iştirakına görə isə GDU-nun 21 tələbəsinə diplomlar təqdim edilib.

 İclasın davamında rektor Yusif Yusibov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

Payız imtahan sessiyasının gedişi haqqında Tədris departamentinin direktoru Elturan Yusifovun ətraflı çıxışı dinlənilib. Diqqətə çatdırılıb ki,  cari tədris ilinin payız semestrinin imtahan sessiyası 5 yanvar 2026-cı il tarixdə başlayıb və 30 yanvar 2026-cı il tarixində yekunlaşıb. İmtahan sessiyası yazılı, test, şifahi və yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçirilib. İmtahanların keçirilməsi üçün bütün texniki-təşkilati işlər vaxtında görülüb, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə  İmtahan Qərargahı,  Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir. Bununla yanaşı Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələrinin, millət vəkilinin, “Gəncənin səsi”, eləcə də “Novosti Qyandja” qəzetlərinin məsul əməkdaşlarının, digər KİV nümayəndələrinin və tələbə valideynlərinin iştirakı ilə mediatur da təşkil olunub.   Sessiya zamanı üzrlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə isə 05-13 fevral 2026-cı il tarixlərdə təkrar imtahan vermək imkanı yaradılacaq.

İclasın gündəliyində duran digər məsələ- Universitetin professor-müəllim heyətinin 2025-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələrinə dair Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadənin ətraflı məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, universitetdə elmi fəaliyyətin gücləndirilməsi, tədqiqatların keyfiyyətinin artırılması, beynəlxalq indeksli nəşrlərin sayının çoxaldılması və innovativ yanaşmaların təşviqi əsas prioritetlər olumuşdur. Hesabat ilində universitet üzrə elmi-tədqiqat işlərinin təşkili və koordinasiyası sistemli şəkildə həyata keçirilmişdir. Əməkdaşların elmi nəşr fəaliyyəti xeyli artmışdır. O da nəzərə çatdırılıb ki, əməkdaşlarımızın xarici elmi jurnallarda dərc etdiyi məqalə sayı artmışdır. Belə ki, Web of Science indeksli jurnalda nəşr olunan elmi məqalələrin sayı 20-dən , Scopus indeksli jurnallarda isə 30-dan çox olmuşdur.  Hesabat ili ərzində müxtəlif sahələri əhatə edən yerli və beynəlxalq elmi konfranslar,  müsabiqələr, startaplar təşkil edilmiş və layihələr icra olunmuşdur. Prorektor Pərvin Kərimzadə GDU-da elmi-tədqiqat işlərinin daha da artırılması məqsədilə həyata keçirilən həvəsləndirici işlər haqqında məlumat verib və 2026-cı ildə universitetdə elmi fəaliyyəti yüksəltmək üçün mühüm təkliflər irəli sürüb.

Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

 İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti