GDU-da idman turnirinin açılışı olub
Gəncə Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr edilimiş “Vətənin müdafiəsinə hazıram” adlı idman turnirinin açılışı olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib..
Tədbirin rəsmi hissəsində universitetin rektoru Yusif Yusibov çıxış edərək bildirib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti ilə əldə edilən böyük Qələbə dövlətimizin ərazi suverenliyini tam bərpa etməklə yanaşı, dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradıb. Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır. Rektor dövlətimiz tərəfindən idmana və idmançılarımıza göstərilən qayğıdan danışıb, eləcə də universitetin idman sahəsində əldə olunan uğurlarından bəhs edib. Bildirib ki, Gəncə Dövlət Universitetində idman yarışlarının keçirilməsi, xüsusən tələbələrin yerli və beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazanmaları gənc nəslin vətənpərvərlik ruhunu daha da yüksəldir. Bu isə gənclərin sağlam ruhda tərbiyəsində, idmanın kütləviləşməsində mühüm rol oynayır.
Millət vəkili, Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik ili”nin elan olunmasının əhəmiyyətindən və dövlətçiliyimizin hüquqi əsaslarının formalaşmasında Konstitusiyanın rolundan bəhs edib. Qeyd edib ki, 12 noyabr 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirərək hüquqi demokratik dövlət quruculuğunun əsasını qoydu. Bununla da hüquqi və dünyəvi dövlətin əsasları formalaşdırıldı. Millət vəkili Pərvin Kərimzadə çıxışında universitetdə mütəmadi olaraq idman yarışlarının keçirilməsinə göstərdiyi dəstəyə görə rektor Yusif Yusibova təşəkkürünü bildirib.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev gənc nəslin təlim-tərbiyəsində və idmana marağın artırılmasında belə yarışların əhəmiyyətindən bəhs edib.
Gəncə Dövlət Universitetinin İdman Klubunun sədri Xaqani Umudov və Tələbə Gənclər Təşkilatının sədri İsrafil Abbasov Dövlət gənclər siyasətində tələbələrin yerindən və rolundan danışıblar.
Tədbirin davamında GDU-nun İdman klubunun idmançıları ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar ediblər.
Bədii hissədə Pedaqoji fakültənin Musiqi müəllimliyi ixtisasının tələbələri vətənpərvərliyə aid mahnılar oxuyublar.
Bildirək ki, Gəncə Dövlət Universitetinin İdman Klubu, Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan idman turniri şahmat, voleybol, dama, futbol, stolüstü tennis və güllə atıcılığı üzrə keçirilir. İdman turniri bir ay davam edəcək.















