GDU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub
Gəncə Dövlət Universitetində (GDU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib.
Mediaturda millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə bölməsinin tədqiqatçı-alimi Elnur Həsənov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva və digər ziyalılar, KİV nümayəndələri, tələbə valideynləri iştirak ediblər.
Əvvəlcə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov, Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə Gəncə Dövlət Universitetinin fəaliyyəti və uğurlarından bəhs ediblər. Bildirilib ki, ali təhsil ocağında tədris müasir, innovativ təlim texnologiyaları əsasında qurulur, yüksəkixtisaslı kadr hazırlığı daim diqqət mərkəzində saxlanılır, beynəlxalq akademik əlaqələr və ölkədaxili əməkdaşlıq daha da inkişaf etdirilir. O da diqqətə çatdırılıb ki, dünya universitetlərinin reytinqinin əks olunduğu cədvəldə əhəmiyyətli sıralarda qərarlaşan GDU-nun nüfuzu günbəgün yüksəlməkdədir. Ən nüfuzlu reytinq təşkilatlardan olan “Times Higher Education” (THE) tərəfindən keçirilən “THE Impact Ranking” və “Round University Ranking”-in 2024-cü il üçün reytinqinin nəticələri onu göstərir ki, Gəncə Dövlət Universiteti öz potensialını gündən-günə artırmaqdadır.
Daha sonra universitetin prorektorları imtahan prosesinin təşkili və keçirilməsi qaydası ilə bağlı məlumat veriblər. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin “2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər vaxtında görülüb, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir.
Medaitur iştirakçıları ayrı-ayrı auditoriyalarda imtahan prosesini yaxından izləyiblər və müasir kameralar vasitəsi ilə imtahanların gedişini izləmək üçün yaradılan müşahidə otağı ilə tanış olublar.
Sonda mediatur iştirakçıları imtahanın gedişi və təşkili ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Tələbələr də öz növbələrində imtahanlarda obyektivliyin, şəffaflığın təmin olunmasına və imtahanların ədalətli şəkildə təşkilinə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova təşəkkürlərini bildiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti