GDU-da Müstəqilliyin Bərpası Gününə həsr edilən tədbir keçirilib
Gəncə Dövlət Universitetində “Azadlığımızın şərəfli tarixi – 18 oktyabr Müstəqilliyin Bərpası Günü”nə həsr edilən tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Universtetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür. Prorektor “Müstəqil Azərbaycan-bu gün ən yüksək zirvədə” adlı məruzəsi ilə çıxış edərək bildirib ki, 18 oktyabr 1991-ci il tarixində “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi – müstəqil inkişaf dövrü başlayıb. Ulu Öndər Heydər Əliyev xalqın təkid və tələbi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə danışan prorektor Gülsüm Fətəliyeva onu da vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.
Daha sonra Universtetin Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev “Yüksələn və yeniləşən Azərbaycan” adlı məruzəsində tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlməsi atılan məqsədyönlü addımların Azərbaycanın bu günkü uğurları üçün ən etibarlı təməl olmasını vurğulayıb. Ümummilli Liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da gücləndirib.
Tədbirdə Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova “Müstəqil dövlətimiz-tarixi əmanətimizdir”, Universtetin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova “Müasir müstəqillik tariximiz”, Kimya kafedrasının müdiri Aynur Məmmədova ”Tarixin ən qüdrətli Azərbaycan”, Azərbaycan tarixi kafedrasının müəllimi Fərid Vəliyev “Müstəqilliyin bərpasının dünyada əks-sədası” adlı məruzələrlə çıxış ediblər.
Sonda Kimya-biologiya fakültəsinin tələbələri şeirlər səsləndiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti