GDU-da payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı tələbələrlə görüş keçirilib

                    Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı tələbələrlə görüş keçirib.

       Rektor Yusif Yusibov çıxışında bildirib ki, tələbələrlə ənənə halı alan görüşlərin keçirilməsində əsas məqsəd onların imtahanlara hazırlıq səviyyəsini öyrənmək, imtahanlarla bağlı çətinlik və problemlərini dinləmək, gənclərin suallarını cavablandırmaq, həmçinin imtahanlara hazırlıq prosesində  qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaqdır. 

       Rektor Yusif Yusibov tələbələri hər zaman dinləməyə və fikir, təkliflərini eşitməyə hazır olduğunu deyib, imtahanlarda onlara uğurlar arzulayraq öz tövsiyələrini verib.

    Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov imtahanların keçirilmə qaydaları və tarixi barədə ətraflı məlumat verib. Prorektor qeyd edib ki, imtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb və imtahanla əlaqədar təlimat hazırlanıb və universitetin saytında yerləşdirilib. Rektorun əmrinə əsasən imtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib.

     Görüşdə diqqətə çatdırılıb ki, imtahanlar yazılı, test üsulu ilə, pilot layihə olaraq Kimya müəllimliyi ixtisasında şifahi, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək. 29 dekabr 2023-cü il tarixdə başlayan imtahan sessiyası 01 fevral 2024-cü il tarixdə yekunlaşacaq.

    Sessiya zamanı üzürlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə  02-14 fevral 2024-cü il tarixlərdə təkrar imtahan vermək üçün şərait yaradılması nəzərdə tutulur.

     Rektor Yusif Yusibov imtahanlarla bağlı tələbələrin təkliflərini dinləyib və lazımi məsələlərin  yerindəcə həll edilməsinə dair  göstərişlər verib.

    Tələbələr göstərilən diqqət və dəstəyə görə rektora minnətdarlıqlarını bildiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti