GDU-nun əməkdaşları Naxçıxanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak ediblər

İyunun 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilib.

     Festival-konqres iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib və abidə önünə güllər düzüblər. Heydər Əliyev Muzeyinə gələn ziyarətçilərə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə məlumat verilib.

     Zəngəzur Milli Parkında, Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin rəsmi açılış mərasimi keçirilib.

      Gəncə Dövlət Universitetinin (GDU) bir qrup professor-müəllim heyəti- Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Nəsibə Hacıyeva, siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli, Filologiya üzrə fəlsəfə doktoru Aytən Əhmədova və baş müəllim Sabirə Bayramova da festival-konqresində iştirak ediblər.

    Festival-konqresin plenar iclasında açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlar əsasında ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olunub və bu istiqamətdə tədbirlərin icrasına başlanılıb. Naxçıvanda keçirilən növbəti “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də ölkəmizdə bu sahədə görülən işlərin tərkib hissəsi olmaqla yanaşı, xalqımıza qarşı törədilmiş haqsızlıqlara bir daha nəzər salmaq fürsəti yaradacaq.

          Azərbaycan Respublikası Elm və təhsil naziri Emin Əmrullayev builki festival-konqresin Azərbaycanın dilbər guşələrindən biri olan Batabat yaylağında təşkil olunmasının daha bir özünəməxsusluğunu diqqətə çatdırıb. Bildirib ki, festivalın təşkil olunduğu bu füsunkar məkandan cəmi bir neçə kilometr məsafədə vaxtilə həmvətənlərimizin yaşadıqları Qərbi Azərbaycan kəndləri yerləşir. Yəni builki festival bizi həm ruhən, həm də coğrafi olaraq Qərbi Azərbaycana daha da yaxınlaşdırır.

        Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan Araşdırma Mərkəzinin təsisçisi, professor Mahirə Hüseynova, Türkiyənin İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma çıxışlarında qeyd ediblər ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yeni reallıqlar yaradan dövlətdir. Müstəqil Azərbaycanın və onun qüdrətli Liderinin mövqeyi sülhə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanır. Qərbi Azərbaycana qayıdış konsepsiyası da bu üç prinsipə uyğun reallaşdırılır. Hər kəsin öz əzəli torpaqlarında yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Məhz bu səbəbdən də Zəngəzurda, İrəvanda və digər əzəli Azərbaycan torpaqlarında yaşamaq hüququnu beynəlxalq birlik qarşısında qaldıran xalqımız əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır.

     “Qərbi Azərbaycana qayıdış” festival-konqresi iştirakçıların Zəngəzur dəhlizinin əsas nöqtələrindən sayılan Ordubad rayonunun Kotam kəndi ərazisində və Salamməlik stansiyasında dəhliz boyu rəmzi addımlaması ilə başa çatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti