GDU-nun əməkdaşları Təhsilin İnkişafı Forumunda iştirak edib

        Oktyabrın 8-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib.

       “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə təşkil olunan forumun keçirilməsində əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdir. Forum hər il dövlət-özəl tərəfdaşlığı, təhsilin iqtisadiyyata inteqrasiyası və universitet-sənaye əməkdaşlığına dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.

     Tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, özəl sektor əməkdaşları və digər qonaqlar iştirak ediblər.

      Panellərdə “Sənayeyə uyğun ortaq tədris proqramları”, “İnsan kapitalının inkişafında yeni modellər”, “Gənclərin iş həyatına inteqrasiyasını dəstəkləyən proqramlar və təşəbbüslər” mövzularından bəhs olunub.

      Təhsilin İnkişafı Forumunda Gəncə Dövlət Universitetindən rektor Yusif Yusibov, Tədris Departamentinin müdiri Elturan Yusifov və Keyfiyyətin Təminatı mərkəzinin müdiri İsmayıl İsmayılov iştirak edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti