GDU-nun fəxri professoru Kərimov Heydər  Nəsib  oğlu vəfat edib

         Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin Fəxri Professoru Kərimov Heydər  Nəsib  oğlu vəfat edib.

      Heydər Kərimov 10 mart 1947-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1953-cü ildə Gəncə şəhəri 5 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1963-cü ildə 27 nömrəli tam orta məktəbin 10-cu sinfini başa vurmuşdur.
       1970-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirmiş, təyinat üzrə Gəncə şəhərinə 27 №-li  Texniki–peşə məktəbinə kimya müəllimi təyin edilmişdir.

      1972–1992-ci illərdə Azərbaycan Texnologiya Universitetinin Kimya kafedrasında saat hesabı ilə müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır.

      1984-cü ildə Tbilisi şəhərində Tbilisi Dövlət Universitetində “Mo(VI)-nin azo-pirokatexinlərlə komplekslərinin alınması və onların analizlərdə tətbiqi” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır.

       1990-cı ildə ona Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı verilmişdir. 

       1992-cı ilin fevral – mart aylarında Təhsil Nazirliyində aparıcı inspektor vəzifəsində çalışmışdır. Həmin ilin may-noyabr aylarında Bakı şəhərində Bakı Yeyinti Sənaye Texnikomunda direktor vəzifəsində işləmişdir.

Heydər  Nəsib  oğlu Kərimovun elmi-tədqiqatlarının nəticəsi olaraq molibdenli poladlarda və suxurlarda Mo(VI)-nın azo-pirokatexinlərlə təyini üsulu 1984-cü ildə sənayedə – metallurgiyada geniş istifadə edilmişdir.

    1972-2007-ci illərdə ən mühüm nəticələri Azərbaycanın Qərb zonasının torpaqlarının aqro-fiziki və aqro-kimyəvi tədqiqatları respublikanın müxtəlif еlmi jurnallarında çap olunmuşdur.

       Heydər  Kərimov 2001-ci ildən 2016–cı ilin mart ayınadək Gəncə Dövlət Universitetinin Kimya kafedrasında dosent vəzifəsində, 2016-cı ildən 2023-cü ilədək isə Fəxri Professor  vəzifəsində  çalışmışdır.

      Ümumilikdə 250-dən çox elmi və elmi-pedaqoji əsərləri çap olunmuşdur.

       Heydər Kərimov Universitet Elmi Şurasının, Gəncə şəhər Ağsaqqallar Şurası Rəyasət Heyyətinin üzvü olmuşdur.

       Heydər müəllim çalışdığı müddətdə işlədiyi kollektivlərin və tələbələrin sevimlisinə çevrilmiş, öz xeyirxahlığı, məsləhətləri ilə hamının hörmətini qazanmışdır.

   Gəncə Dövlət Universitetinin, eləcə də Kimya-biologiya fakültəsinin inkişafında əvəzsiz xidmətləri olmuş Heydər Nəsib oğlu Kərimovun əziz xatirəsi onu tanıyanların xatirəsində daim yaşayacaqdır.

   Allah rəhmət eləsin!

                                                Rektorluq