GDU-nun ikinci kurs magistrantları ilə görüş keçirilib

             Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov təhsil ocağının beşinci tədris binasında magistraturanın ikinci kursunda təhsil alan tələbələrlə görüşüb. Prorektor Şahin Xurşudov bildirib ki, magistratura universitetin nizamnaməsinə uyğun olaraq yaradılıb. Tədris prosesinə universtetin 27 kafedrası cəlb edilib. Bütün magistrantlara ötən tədris ilində dissertasiya mövzuları verilib, rəhbər müəllimlər təyin edilib. Hər həftənin cümə günü isə kafedralara müraciət edərək müzakirələr aparmaq mümkündür. Bundan başqa tələbələr qarşılaşdıqları problemlərin həlli ilə bağlı rəhbərliyə də müraciət edə bilərlər. Magistrantların dissertasiyası ilə bağlı xüsusi komissiya da yaradılacaqdır. Prorektor Şahin Xurşudov onu da diqqətə çatdırdı ki, magistrantlarla bir aydan sonra növbəti dəfə yenidən görüş keçiriləcəkdir.

    Magistratura şöbəsinin müdiri Emin Yaqubov çıxışında bildirdi ki, magistratura şöbəsinin saytında da bütün məlumatlara ətraflı şəkildə ardıcıl qaydada izah edilib. Magistrantlar buradan istənilən suallara cavab tapa bilərlər.

    Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti