GDU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

           Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 2024/2025-ci tədris ili üzrə keçirilən qəbul imtahanlarında  600-dən yuxarı bal toplayaraq Gəncə Dövlət Universitetinə (GDU) qəbul olan tələbələrlə görüşüb. Rektor tələbələri təbrik edib, təhsillərində və gələcək həyatlarında uğurlar arzulayıb. Bununla yanaşı tələbələrə XXI əsrin çağırışlarına cavab olaraq elmli, təhsilli, dövlətimizə layiq vətəndaş, peşəkar mütəxəssis və ixtisaslı kadr kimi yetişmək üçün özünü inkişaf etdirməklə bağlı zəruri tövsiyələrini verib və tələbələrə daim lazımi dəstəyin veriləcəyini vurğulayıb.

     Görüşdə o da diqqətə çatdırılıb ki, universitet Elmi Şurasının qərarına əsasən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə 2024/2025-ci tədris ilinin payız semestri ərzində əlavə olaraq hər ay 200 (iki yüz) manat məbləğində həvəsləndirici təqaüd veriləcək, növbəti semestrlərdə ÜOMG-si 91-100 bal aralığında olduğu və univeristetin ictimai həyatında fəal iştirak etdiyi halda təqaüdün verilməsi davam edəcək.

       Görüşdə universitetdə görülən işlər, qazanılan nəaliyyətlər və beynəlxalq əlaqələr  haqqında məlumat verilib.

      Tələbələr onlara verilən dəstəyə görə universitet rektoruna öz minnətdarlıqlarını bildiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti