GDU-nun tələbələri “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirilib
Gəncə Dövlət Universitetinin beşinci tədris korpusunun “Yunis Əmrə” adına mühazirə otağında tələbələrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Təqdimatda GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qonaqları salamlayaraq bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional mərkəzinin baş məsləhətçisi Mikayıl Eminbəyli mövzu ətrafında çıxış edərək bildirib ki, bu tədbirin əsas məqsədi tələbələrin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltməkdir. Baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı izah etməkdir.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional mərkəzinin baş məsləhətçisi Leyli Abbasova, Mərkəzin baş zabiti, daxili xidmət kapitanı Səhnə Məmmədova eləcə də baş məsləhətçi Emil Aslanov çıxışlarında tələbələrə ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə də ətraflı məlumat veriblər. İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları da əyani şəkildə nümayiş etdirilib.
Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonda tələbələrin sualları da cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti