GDU-nun tələbələri “Rəqəmsal” mövzulu qrant müsabiqə barədə maarifləndirilib
Gəncə Dövlət Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Ayxan Allahverdiyev təhsil ocağının tələbələri üçün “Rəqəmsal” mövzulu qrant müsabiqə barədə maarifləndirici görüş keçirib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Universtetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Ayxan Allahverdiyevi salamlayıb. Prorektor bildirib ki, Azərbaycan Respublikasının Gənclər Fondu ilk dəfə həm fiziki şəxslər, həm də gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verib. Bu müsabiqə rəqəmsal texnologiyalar sahəsində innovativ həllərin dəstəklənməsinə və gənclərin yaradıcı potensialının üzə çıxarılmasına yönəlib.
Gəncə Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşov çıxışında Gənclər Fondunun yaratdığı bu fürsətdən hər bir tələbə gəncin yararlanmağını tövsiyə etdi. Çünki həyata keçirilən hər bir layihə gənclərin gələcək həyatında uğurun başlanğıcı ola bilər.
Gənclər Fondunun nümayəndəsi Ayxan Allahverdiyev isə “Rəqəmsal” mövzulu qrant müsabiqə barədə məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaş arası gənclər və gənclər təşkilatları oktyabrın 18-dən noyabrın 10-dək layihə təkliflərini təqdim edə bilərlər. Layihə müraciətləri elektron qaydada təqdim edilməlidir. Qalib gələn layihələrin icra müddəti 3 aydır. Fond tərəfindən fiziki şəxslərin fərdi layihələri üçün maksimum 5000 manat, gənclər təşkilatlarının yerli layihələri üçün maksimum 10000 manat, beynəlxalq layihələr üçün isə maksimum 15000 manat qrant ayrılacaq. Layihə təklifləri noyabrın 10-dək qəbul edilir. Layihələr seçilərkən yenilik və unikal yanaşma, təklif olunan müddət və büdcə çərçivəsində həyata keçirilmə imkanları, texnoloji uyğunluq və reallaşdırılma potensialı kimi meyarlara üstünlük veriləcək.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti