GDU-NUN TGT SƏDRİ MÜKAFATLANDIRILDI

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində “Buta Palace”də “Gənclər günü” münasibətilə geniş tədbir keçirilmiş, mərasimdə  Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, millət vəkilləri, nazir müavinləri, universitet rektorları, gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər və digər qonaqlar iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Gənclər və İdman naziri Azad Rəhimov açaraq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, gənclərin Prezidentimizin ətrafında sıx birləşərək  parlaq Azərbaycan naminə çalışdıqlarını xüsusilə vurğulamışdır. Azad Rəhimov hər il olduğu kimi bu il də müxtəlif sahələr üzrə uğurlar əldə edən gəncləri və gənclər təşkilatlarını diplom və mükafatlarla təltif etmişdir.

Gəncə Dövət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov da 2016-cı ildəki uğurlu fəaliyyətinə görə “2 fevral- Gənclər günü” münasibəti ilə Gənclər və İdman naziri cənab Azad Rəhimovun imzası ilə fəxri diplomla mükafatlandırılmışdır. Universitetin Tələbə Gənclər Təşkilatı ikinci  ildir ki, ardıcıl olaraq cənab nazirin imzası ilə fəxri diploma layiq görülür.