“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində dəyirmi masa

Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində dəyirmi masa təşkil edilib.

Toplantıda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun sədri Adil Tağıyev, Sosial Xidmətlər Agentliyinin Gəncə–Daşkəsən Regional Filialının müdiri Hikmət Əmiraslanov, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktor müavini Əmiralı Yusifov, “Təmas” İctimai Birliyinin həmsədrləri Südabə Məmmədova və Kubra Ələkbərova, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Profilaktik İşin Təşkili qrupunun inspektoru Yusif Yusifov, Kəpəz Bələdiyyəsinin Gender Komissiyasının sədri Günay Filmanova, Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının əməkdaşları, eləcə də universitetin müəllim və tələbə heyəti iştirak ediblər.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağlyev bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən 25 noyabr bütün dünyada “Qadınlara qarşı zorakılığa qarşı beynəlxalq mübarizə günü” kimi qeyd olunur. Ölkəmizdə “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının həyata keçirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “25 noyabr – Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə gününə dair 16 günlük kampaniya çərçivəsində keçiriləcək tədbirlər üzrə İş Planı” hazırlanıb. Həmin iş planına uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən müxtəlif tədbirlərin icrasına başlanılıb və bu fəaliyyətlər 16 gün davam edəcək.

Dəyirmi masada “Məişət zorakılığı qurbanlarına göstərilən xidmətlər. QHT və dövlət qurumları arasında əməkdaşlıq”, “Hüquq-mühafizə orqanlarında məişət zorakılığına qarşı mübarizə tədbirləri”, “Gender komissiyalarının fəaliyyəti: problemlər və təkliflər” mövzularında çıxışlar dinlənilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.