GÖRKƏMLİ DÖVLƏT XADİMİ ƏZİZ ƏLİYEV
18 aprel 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasının iclas zalında görkəmli dövlət xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir. Konfransda Gəncə şəhər 3 saylı poliklinikanın Terapiya şöbəsinin müdiri Tükəzban Məmmədova, universitetin Humanitar məsəslələr üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, rektorun baş müşaviri dosent Asif Cavadov, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbə heyəti iştirak etmişlər.
Konfransı giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva açaraq bildirdi ki,Azərbaycanın görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor, əzəmətli təbib, təşkilatçı, həkim-tədqiqatçı, pedaqoq, maarifçi, gözəl və səmimi insan olan Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuşdur. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu kənd işləri ilə məşğul idi, anası məşhur İrəvan taciri İbrahim bəyin qızı Zəhra xanım evdar qadın idi.İbtidai təhsilini rus-tatar (Azərbaycan) məktəbində alır. 1908-ci ildə İrəvandakı gimnaziyaya daxil olur və 1917-ci ildə buranı əla qiymətlərlə bitirir. Maddi cəhətdən təhsilini davam etdirmək üçün məktubla Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edir və tezliklə həmin vaxt üçün kifayət qədər dəyərli vəsait hesab olunan 300 rubl kömək alır. Elə həmin il o Sankt-Peterburqda Hərbi Tibb Akademiyasına daxil olur. Boş vaxtlarında Sankt-Peterburqda səpkili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-profilaktika briqadasına işə düzəlir. Aldığı maaşla həm özünün minimal güzəranını təmin edir, həm də valideynlərinə yardım göstərir.Əziz Əliyev bütün fəaliyyəti dövründə tibb nəşriyyatı yaratmağın, onu təkmilləşdirmək, inkişaf etdirməyin yolları haqqında düşünmüş və hansı sferada çalışmasından asılı olmayaraq elmi axtarışlarını bir an belə dayandırmamışdır.
Baş müşavir dosent Asif Cavadov və Filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov çıxışlarında, Gəncə şəhər 3 saylı poliklinikanın Terapiya şöbəsinin müdiri Tükəzban Məmmədova “Azərbaycan səhiyyəsinin inkişafında Əziz Əliyevin rolu” , universitetin Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikova “Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsindəki rolu” , Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov “Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında Əziz Əliyevin rolu” adlı məruzləri ilə görkəmli dövlət xadiminin həyat yolu, yaradıcılıq və icra etdiyi vəzifələrdə daim mübarizə nəticəsində Azərbaycan xalqı üçün əldə etdiyi uğurlar haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdilər.